Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması istiqamətində tədqiqatlar aparılır

06 Yanvar 2025 - 14:22 | Konfranslar, İclaslar
Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması istiqamətində tədqiqatlar aparılır

ETN İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların nəticələri müzakirə olunub.  

Mövzunu təqdim edən institutun doktorantı Orxan Vəlixanlı dissertasiya işinin məqsədinin pilotsuz uçuş aparatlarına (PUA) edilən kiberhücumları yüksək dəqiqliklə aşkarlaya bilən, yüksək sürətli, özü-özünü təlimləndirən, müxtəlif kiberhücumların təsirinə qarşı dayanıqlı olan intellektual metod və alqoritmlərin işlənməsi olduğunu bildirib.

Məruzəçi qeyd edib ki, son zamanlar pilotsuz uçuş aparatlarını hədəf alan kiberhücumların sürətlə artması, PUA-lara olan kibertəhlükələrin aşkarlanmasının başlıca prioritetlərdən biri olması, eləcə də bu aparatlarda proqram təminatından istifadə nəticəsində kibertəhlükələrin aşkarlanmasının vacibliyi dissertasiya işinin aktuallığını şərtləndirir. Buraya həmçinin PUA-lara olan kiberhücumların aşkarlanması üçün mövcud metodların, o cümlədən bu aparatların naviqasiya sisteminə edilən kiberhücumların aşkarlanması üçün olan metodların və yerüstü idarəetmə sistemindəki zərərli proqramların aşkarlanması üçün olan metodların yetərsiz olması kimi amillər də daxildir.

O.Vəlixanlı dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların nəticələrinin 1-i Web of Science, 2-si Scopus elmi bazasında olmaqla, ümumilikdə 4 məqalə və 7 konfrans materialında öz əksini tapdığını diqqətə çatdırıb.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

Tədqiqat işinə dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması istiqamətində aparılan tədqiqatların müasir dövrdə böyük aktuallıq kəsb etdiyini bildirib. Alim pilotsuz uçuş aparatlarını hədəf alan kiberhücumlara qarşı mübarizə istiqamətində yerinə yetirilən tədqiqatların ölkənin təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli bir töhfə olduğunu vurğulayıb. Akademik R. Əliquliyev mühüm elmi problemə həsr olunmuş dissertasiya işinin tamamlanaraq müdafiəyə təqdim olunmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.