İqtisad elmləri doktoru Əlövsət Əliyev Azərbaycanda ilk dəfə olaraq “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə professor elmi adına layiq görülüb

27 Dekabr 2024 - 14:49 | Mühüm hadisələr

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycanda ilk dəfə olaraq “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə professor elmi adına layiq görülüb.

Qeyd edək ki, professor Ə.Əliyev 2021-ci ildə “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün “İnformasiya  iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

Alim informasiya cəmiyyəti, informasiya, rəqəmsal və biliklər iqtisadiyyatının formalaşması problemlərinin nəzəri və praktiki tədqiqi, eləcə də informasiya cəmiyyəti şəraitində elektron-kommersiya, yaşıl, inklüziv, kibertəhlükəsiz texnologiyalarının tətbiqi vəziyyətinin təhlili və onun inkişafı üçün müvafiq infrastrukturun formalaşması, Azərbaycanda Milli İnnovasiya Sisteminin formalaşması, innovasiya müəssisələrinin yaradılmasının və fəaliyyətinin təşkili modelləri və mexanizmlərinin işlənilməsi və digər istiqamətlərdə tədqiqatlar aparır.

O, Azərbaycanda informasiya cəmiyyətinin və rəqəmsal iqtisadiyyatın formalaşmasına və ölkədə vətəndaş cəmiyyətinin inkişafına dəstək göstərir, müvafiq qeyri-hökümət təşkilatına, onun nəzdindəki tədris mərkəzinə rəhbərlik edir və bir sıra ictimai layihələrin yerinə yetirilməsində fəal iştirak edir. 

Alimin elmi rəhbərliyi ilə bəzi fəlsəfə doktorları artıq dissertasiya işi müdafiə etmiş, fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adları almış, bəziləri isə dissertasiya işi müdafiəsi ərəfəsindədir.

Professor Ə.Əliyev 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. O, institutun Tədris-İnnovasiya Mərkəzində magistrlərə, doktorant və dissertantlara İKT, informasiya cəmiyyəti, rəqəmsal və innovasiya iqtisadiyyatının aktual problemləri üzrə mühazirələr oxumuşdur. Alim uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə  AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 

Ümumilikdə 400-ə yaxın elmi əsərin müəlifi olan professor Ə.Əliyevin Web of Science, Scopus və digər beynəlxalq bazalarda indeksləşmiş çoxlu sayda elmi əsərləri çap olunub.

Onun 2003-cü ildə "Cəmiyyətin və iqtisadiyyatın informasiyalaşdırılması problemləri", 2006-cı ildə "Humanitar sektorların informasiyalaşdırılmasının nəzəri və tətbiqi aspektləri", 2023-cü ildə "İnnovasiya fəaliyyətinin təşkili problemləri və həlli mexanizmləri" monoqrafiyaları, o cümlədən 2024-cü ilin oktyabr ayında ölkədə COP29 tədbirləri keçirilən ərəfədə “Yaşıl  rəqəmsal  iqtisadiyyata  keçid  problemləri və həll istiqamətləri" adlı monoqrafiyası nəşr olunmuşdur.

Professor Əlövsət Əliyevi institutun kollektivi adından ürəkdən təbrik edir, dəyərli alimə gələcək elmi fəaliyyətində yeni-yeni nailiyyətlər, yaradıcılıq uğurları arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.