Akademik Rasim Əliquliyev: “Müasir dövrdə mühəndis kadrlarının hazırlanmasında riyazi biliklərin tədrisinə xüsusi diqqət vermək lazımdır”

09 Dekabr 2024 - 12:20 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev: “Müasir dövrdə mühəndis kadrlarının hazırlanmasında riyazi biliklərin tədrisinə xüsusi diqqət vermək lazımdır”

Elm və təhsil müəssisələrinin qarşısında süni intellekt texnologiyaları, data-mühəndislik, data analitika, kibertəhlükəsizlik və bu kimi sahələrdə yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı mühüm vəzifələr dayanır.  

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” II beynəlxalq elmi-texniki konfransının açılış mərasimində çıxışı zamanı bu fikirləri səsləndirib. Alim əvvəlcə cari ildə Azərbaycan Texniki Universiteti və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını xatırladıb. Bir ilə yaxın müddətdə institutda Memorandumdan irəli gələn vəzifələrin icrası istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, hər iki qurumun əməkdaşlarının bu prosesdə fəal iştirak etdiklərini deyib. Süni intellektin aktual elmi problemlərinə həsr olunmuş tədbirin keçirilməsini iki qurum arasında birgə əməkdaşlığın real nəticəsi kimi qiymətləndirib.

Akademik Rasim Əliquliyev Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, COP29 tədbiri, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən dövlət siyasətinin müvafiq qurumların, həmçinin alimlərin də qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti elmin cəmiyyətdə rolunun, elmi araşdırmaların koordinasiya olunması, intellektual potensialın qorunması və inkişaf etdirilməsi, eləcə də digər müvafiq istiqamətlərdə tədbirlərin görülməsinin zəruriliyinə də toxunub. Müasir dövrdə elmin yeni prioritetləri, problemləri və maliyyələşmə mexanizmləri ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.  

Rasim Əliquliyev IV Sənaye İnqilabının yaratdığı reallıqların nəticəsi olaraq, süni intellektin əmək bazarında bir çox sahələrə nüfuz etdiyini, yeni ixtisasların yaranması ilə yanaşı, bəzi peşələrin sıradan çıxmasına da səbəb olduğunu bildirib. Ali təhsil müəssisələrində əmək bazarının çağırışlarına adekvat kadrların hazırlanmasının önəmini vurğulayan alim qeyd edib ki, bu məqsədlə təhsilin məzmununa dəyişikliklər edilməli, bir sıra dərsliklərdə yer alan materiallara yenidən baxılmalı, müəllimlərin peşə bilikləri təkmilləşdirilməlidir.

“Qlobal çağırışlar və rəqəmsal transformasiyalar data əsaslı cəmiyyətin formalaşdırılmasını daha da zəruri edir” – deyən alim əlavə edib ki, ifrat böyük məlumatları toplamaq, optimallaşdırmaq, intellektual emal etmək, yüksək keyfiyyətli, əhəmiyyətli bilikləri əldə etmək son dərəcə vacibdir. Alim həmçinin müasir dövrdə mühəndislik elmlərinin qarşısında mühüm vəzifələrin dayandığını, yeni tələblərin müəyyənləşdirildiyini qeyd edib. Mühəndisliyin qarşısında dayanan problemlərin həllinə diqqət çəkən akademik söyləyib ki, onların aradan qaldırılması həm əmək bazarının yüksəkixtisaslı mühəndislərlə təmin edilməsi, həm də bu sahədə elmi kadrların yetişdirilməsi üçün yeni imkanlar açacaq.

Alimin sözlərinə görə, bu gün süni intellekt, data analitika sahəsində biliklərə dərindən yiyələnmək üçün ehtimal nəzəriyyəsi və riyazi statistika, riyazi məntiq, ali cəbr və digər tətbiqi riyaziyyat metodlarının mənimsənilməsi məsələləri böyük aktuallıq kəsb edir. Bu baxımdan elm və təhsil müəssisələrinin, eləcə də müvafiq dövlət qurumlarının iştirakı ilə müasir mühəndisliyin riyazi problemləri ilə bağlı dəyirmi masaların keçirilməsi, müzakirələrin aparılması məqsədəuyğundur. 

Akademik R.Əliquliyev çıxışının sonunda AzTU-da qlobal çağırışlara adekvat, həmçinin sənayenin müxtəlif sahələrinin tələbatına müvafiq keyfiyyətli mühəndis kadrlarının yetişdirilməsi istiqamətində həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.