Gənc tədqiqatçı kibertəhlükəsizlik və kibermüdafiə problemlərinə həsr olunmuş təlimin sertifikatına layiq görülüb

29 Noyabr 2024 - 10:48 | Konfranslar, İclaslar
Gənc tədqiqatçı kibertəhlükəsizlik və kibermüdafiə problemlərinə həsr olunmuş təlimin sertifikatına layiq görülüb

ETN İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Orxan Vəlixanlı AR Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İstanbul Texniki Universiteti ilə birgə layihəsi olan “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” mövzusunda təlimin sertifikatına layiq görülüb.

O.Vəlixanlı təlim proqramında “Kriptoqrafiyanın əsasları və şəbəkə təhlükəsizliyi”, “Simsiz kanallarda kibertəhlükəsizlik təhdidləri”, “Fiziki səviyyədə kiberhücumlar”, “Simsiz infrastrukturlarda yeni kibermüdafiə strategiyaları” və “Simsiz şəbəkələr, o cümlədən 5G şəbəkələrinin təhlükəsizliyi” kimi mövzular üzrə müzakirələrdə iştirak etmişdir.

4 günlük proqram çərçivəsində bir sıra dövlət qurumlarından seçilmiş mütəxəssislərə və ali təhsil müəssisələrindən olan professor-müəllim heyətinə Türkiyənin bir sıra nüfuzlu universitetilərinin alimləri tərəfindən təlimlər keçirilmiş, eləcə də kibertəhlükəsizlik və kibermüdafiə problemlərinə dair bilik və təcrübə mübadiləsi aparılmışdır.

Qeyd edək ki, layihə NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.