“DefenDoor”: mühafizə sistemi funksiyalı “ağıllı” qapı zəngi

29 Dekabr 2014 - 10:51 | Texnoloji yeniliklər
“DefenDoor”: mühafizə sistemi funksiyalı “ağıllı” qapı zəngi

İT sahəsində yenicə fəaliyyətə başlayan sahibkarlar, ixtiraçı və yaradıcı insanlar üçün investisiyanın cəlb edilməsi məqsədi daşıyan kickstarter.com saytında müasir “ağıllı” evlər üçün orijinal mühafizə sisteminin buraxılmasına dair “DefenDoor” layihəsi təqdim olunub.

“DefenDoor” elektron blokdur, ondan qapı zəngi və xəbər vermə qurğusu kimi istifadə oluna bilər. Qadjet mikrofon, Wi-Fi və Bluetooth naqilsiz rabitə adapterləri, dinamik, həmçinin kamera və 720p formatında (1280 × 720 piksel) videoyazma imkanlarına malikdir. 

“DefenDoor” qurğusunu giriş qapısı yaxınlığında və ya otağın içərisində quraşdırmaq olar. Qurğuya Bluetooth-un vasitəsilə beşədək əlavə hərəkət və vibrasiya datçiki qoşula bilər.

Qurğu evdəki naqilsiz kompüter şəbəkəsi vasitəsilə ev sahibinin smartfonu ilə əlaqə saxlayır. Datçiklərdən biri işə düşdükdə, kameranın qarşısında obyekt peyda olduqda və ya zəng basıldıqda qurğu avtomatik olaraq istifadəçinin telefonuna xəbərdarlıq göndərir. Eyni vaxtda kameranın əks etdirdiyi videoyayımı da həyata keçirilir. Beləliklə, ev sahibi onun evində nələrin baş verdiyi və kimin evə daxil olmaq istədiyi barədə həmişə məlumatlı olur. Lazım gəldikdə isə hətta məsafədən səs rabitəsini də quraşdırmaq olar. 

3dnews.ru saytının bildirdiyinə görə, layihə iştirakçıları sayt vasitəsilə lazım olan 100 min dollar məbləğində vəsaiti toplayacaqlarına ümid edirlər. “DefenDoor” dəstinin qiyməti isə 129 dollardan başlayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.