İnformasiya Texnologiyaları İnstitutu “Süni intellekt: nəzəriyyədən praktikaya” mövzusunda keçirilən beynəlxalq konfransda təmsil olunub  

23 Sentyabr 2024 - 10:39 | Konfranslar, İclaslar

Naxçıvan Dövlət Universiteti, Rusiyanın Cənub Universiteti, İstanbul Beykent Universiteti, eləcə də Buxara Mühəndislik və Texnologiya İnstitutunun təşkilatçılığı ilə hibrid formatda “Süni intellekt: nəzəriyyədən praktikaya” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları –  böyük elmi işçi Nəzakət Məlikova, kiçik elmi işçilər Nərgiz  Şıxəliyeva,   Aytən ƏhmədovaLalə Qarayeva  iştirak ediblər.

N.Məlikova tədbirdə “Proqram təminatının hazırlanmasında süni intellektin və maşın təliminin tətbiqi” adlı məruzə ilə çıxış edib. Məruzədə  proqram sistemlərinin səmərəliliyinin artırılması üçün süni intellekt və maşın təlimi metodlarının imkanları və bir sıra tövsiyələr nəzərə çatdırılıb.

N.Şıxəliyeva “Tibbi sosial media mühitində maşın təlimi metodları əsasında klinikaların reytiqinin qiymətləndirilməsi” mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, tədqiqat çərçivəsində tibbi sosial media mühitində toplanan informasiya əsasında qərarların qəbulu üçün sentiment analiz və maşın təlimi metodları əsasında işlənilmiş alqoritm təqdim olunub. Əlavə edib ki, bu alqoritm tibbi media resurslarından əldə edilən pasiyent rəylərinə istinad etməklə klinikaların reytinqinin qiymətləndirilməsi və ən yaxşı klinikanın seçilməsi üçün təklif edilən VADER yanaşması əsasında işlənilib.

Konfransda “Səhiyyə 4.0 Mühitində vahid rəqəmsal tibbi informasiya fəzasının və onun verilənlər ekosisteminin formalaşması” mövzusuna həsr edilmiş məruzə ilə çıxış edən A.Əhmədova Azərbaycanda Səhiyyə 4.0 və e-dövlət platformasında vahid rəqəmsal tibbi informasiya fəzasının və onun verilənlər ekosisteminin konseptual modelini təqdim edərək bu istiqamətdə ölkədə aparılan işlər haqqında ətraflı məlumat verib. Təklif edilən modelin rəqəmsal səhiyyənin daha səmərəli idarə edilməsinə imkan verəcəyini nəzərə çatdırıb.

L.Qarayeva “Hepatosellar karsinomanın maşın təlimi ilə proqnozlaşdırmasında milli verilənlər bazasının rolu və təkmilləşdirilməsi” adlı məruzəsində qaraciyər xərçəngi kimi tanınan hepatosellular karsinoma üzrə milli baza əsasında maşın təlimi metodları ilə proqnozlaşdırmanın dəqiqliyinin artırlması məqsədilə bu bazada mövcud boşluqların doldurulması üçün təklif olunmuş metodikanı təqdim edib. MICE (Multivariate Imputation by Chained Equations) alqoritminin tətbiqi nəticəsində genişlənmiş daha təkmil milli bazanın hər bir yazı üzrə proqnoz nəticənin alınmasına imkan verdiyini nəzərə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.