Avqustun 28-də Türkiyədə hibrid formatda keçirilən “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” mövzusunda IX beynəlxalq konfransda (COIA 2024) İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin əməkdaşlarının məruzələri dinlənilib.
Beynəlxalq konfransda şöbə müdiri AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, baş elmi işçi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, kiçik elmi işçi Lalə Qarayeva və ATU-nun I cərrahi xəstəliklər klinikasının əməkdaşları – AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov və Mehriban Hüseynovanın müəllifliyi ilə hazırlanmış “Milli verilənlər bazası əsasında hepatosellular karsinomanın maşın təlimi alqoritmlərinin tətbiqilə proqnozlaşdırılması” mövzusunda məruzə təqdim edilib.
Məruzədə qaraciyər xərçəngi kimi tanınan hepatosellular karsinoma (HSK) üzrə mövcud milli baza əsasında HSK-nın maşın təlimi alqoritmlərinin tətbiqi ilə proqnozlaşdırılması metodikası təqdim olunub. Məruzəçi L.Qarayeva bildirib ki, təklif edilən metodikanın effektivliyi milli bazadakı boşluqların doldurulması nəticəsində daha mükəmməl bazanın formalaşdırılması və bu məlumatların hissə-hissə genişləndirilmiş bazaya köçürülməsi ilə kliniki xəstələrin vəziyyətinə uyğun proqnoz nəticələrin əldə olunması imkanı ilə təyin edilir.
Konfransda həmçinin professor M.Məmmədova, t.e.d. Z.Cəbrayılova və kiçik elmi işçi Nərgiz Şıxəliyevanın müəllifliyi ilə hazırlanmış “Tibbi sosial media resurslarındakı informasiya əsasında klinikaların fəaliyyətinin qeyri-səlis çoxkriteriyalı qiymətləndirilməsi metodikası” adlı məruzə dinlənilib.
Məruzədə tibbi sosial media resurslarında toplanan pasiyent rəyləri əsasında səhiyyə sistemində xüsusi əhəmiyyətə malik məsələlərdən biri olan klinikaların fəaliyyətinin effektivliyinin artırılması üçün sentiment analiz və qeyri-səlis məntiqin tətbiqi ilə qərarların qəbulu metodikası təklif edilib.
Məruzəçi N.Şıxəliyeva təklif edilən metodikanın ictimai rəyi nəzərə almaqla klinikaların fəaliyyətinin idarə olunması qərarlarının qəbulunda istifadəsi imkanını göstərib, onun eksperimental tətbiqinin nəticələrini nümayiş etdirib.
Hər iki məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.