“Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” beynəlxalq elmi konfransının seksiya iclasları keçirilib

19 İyul 2024 - 11:45 | Konfranslar, İclaslar

AMEA-nın Rəyasət Heyətinin binasında “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq elmi konfrans iyulun 18-də seksiya iclasları ilə davam etdirilib.

Konfransın “Süni intellekt və rəqəmsal transformasiya: trendlər və gələcəyə baxış; rəqəmsal transformasiyada çətinliklər; robototexnika” mövzusunda keçirilən seksiya iclası AMEA-nın müxbir üzvləri Bilal Bilalov və Ramiz Alıquliyevin, “Obrazların tanınması, maşın öyrənməsi, təbii dilin işlənməsi” mövzusunda keçirilən seksiya iclası isə AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə və r.ü.f.d. Gülçin Abdullayevanın rəhbərliyi ilə baş tutub.

İclaslarda texnika üzrə fəlsəfə doktoru, dosent  Fərhad Yusifov və Elvin Qurbanovun həmmüəllifi olduqları “Dövlət idarəçiliyində rəqəmsal transformasiyalar”, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyevin “Folklordan qaynaqlanan süni intellekt texnologiyaları”, AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin “Sənədlərdəki informasiyanın tanınması və emalı kompüter sistemi və onun tətbiqləri”, r.ü.f.d. Gülçin Abdullayevanın “Süni intellektdə tanınma məsələləri və onların tətbiqi”, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin “Təbiətdən qaynaqlanan süni intellekt alqoritmləri”, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü Nuru Bayramov, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, Lalə Qarayeva, Mehriban Hüseynovanın həmmüəllifi olduqları “Hepatosellular karsinoma üzrə milli bazada maşın təlimi alqoritmlərinin tətbiqi ilə proqnozlaşdırma məsələsinin həlli” mövzuları üzrə məruzələr dinlənilib.

Seksiya iclaslarında həmçinin “Müstəvidə mürəkkəb təsvirlərin tanınması”, “Bitkilərin çiçəklənmə vəziyyətinin spektral təsvirlər əsasında qiymətləndirilməsi”, “Azərbaycan əl xalılarının tanınması və kataloqlaşdırılması”, “Ortopediyada cərrahi müdaxilənin məsləhətçi intellektual sistemi”, “Süni intellekt texnologiyalarının tətbiqi ilə Yeni Nəsil iqtisadiyyat sektorlarının formalaşdırılmasının konseptual əsasları” və digər mövzularda məruzələr təqdim olunub.

Daha sonra tədbirin bağlanış mərasimi keçirilib. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bu gün ölkəmizdə qəbul edilmiş dövlət əhəmiyyətli sənədlərdə süni intellekt məsələlərinə mühüm yer ayrıldığını bildirib, müvafiq sahədə fəaliyyət göstərən hər bir tədqiqatçını bu kimi problemlərin araşdırılmasına dəstək verməyə çağırıb.

Alim aktual elmi problemlərə həsr olunmuş konfransın ölkəmizdə süni intellekt sahəsində görülən işlərin monitorinqini həyata keçirmək baxımından önəmini qeyd edib. Konfransda süni intellekt və rəqəmsal inkişafla bağlı ölkənin çağırışlarına cavab verən əhəmiyyətli müzakirələrin aparıldığını diqqətə çatdıran akademik R. Əliquliyev tədbirdə təqdim edilən məruzələrdə əldə olunan nəticələrin sistemləşdirilməsinin nəzərdə tutulduğunu da vurğulayıb.  Konfransın süni intellektin sosial, iqtisadi və s. aspektləri ilə əlaqədar problemlərin həlli baxımından beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yeni perspektivlər açdığını deyib.

Akademik R.Əliquliyev AMEA prezidenti, akademik İsa Həbbibəylinin konfransın təşkilinə böyük dəstək göstərdiyini qeyd edərək, gələcəkdə bu kimi tədbirlərin ardıcıl olaraq keçirilməsinin və tətbiq dairəsinin genişləndirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.