İnformasiya Texnologiyaları İnstitutunda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində elektron təhsilin formalaşması və intellektuallaşdırılması problemləri üzrə tədqiqatlar aparılır.
Bu barədə institutun Elmi şurasının iclasında texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi struktur bölmənin 2024-cü il üzrə yarımillik hesabatının müzakirəsində məlumat verib.
Məruzəçi qeyd edib ki, cari ildə “Education 4.0 platformasında elektron təhsil sistemin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə Education 4.0 platformasında elektron təhsilin formalaşmasının aktual elmi-nəzəri problemləri araşdırılmışdır.
O, həmçinin “Education 4.0 platformasında elektron təhsil mühitinin təşkili və intellektual idarə olunması proseslərinin modelləşdirilməsi” mövzusunda Education 4.0 platformasında Data Mining metodlarının istifadəsi ilə tədris proqramlarının strukturunun təkmilləşdirilməsi məsələlərinin araşdırıldığını diqqətə çatdırıb.
F.Ağayevin sözlərinə görə, şöbədə 6 ay ərzində “Education 4.0 platformasında Data Mining texnologiyası əsasında elektron təhsilin formalaşdırılması problemlərinin təhlili”, “Education 4.0 platformasında elektron təhsilin idarə olunmasında təhsil mühitinin formalaşdırılması” mövzularında da tədqiqatlar aparılmış, məqalə və tezislər hazırlanmışdır.
Sonra şöbə rəhbəri nüfuzlu beynəlxalq jurnallarda nəşr olunan məqalələr, eyni zamanda şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər barədə məlumat verib.
Hesabata dair fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbədə aparılan tədqiqat işlərinin dünya elminin tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb, struktur bölmənin elmi fəaliyyətinə dair təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.