İnstitutda Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılır

04 Sentyabr 2024 - 12:00 | Konfranslar, İclaslar
İnstitutda Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılır

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında şöbə müdiri Şakir Mehdiyev müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf  etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və  sintezi problemləri üzrə aparılan tədqiqatlara dair 6 aylıq hesabatı təqdim edib.

O, qeyd edib ki, yarım il ərzində bu problem üzrə “Kiber-fiziki sistemlərin dayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində “Kiber-fiziki sistemlərin simsiz sensor şəbəkələrinin enerji effektivliyinin qiymətləndirilməsi”,  “Sensor qurğularında alternativ enerji mənbələrinin tətbiqi məsələləri”, eləcə də “Kiber-fiziki sistemlərdə enerji effektivliyinin artırılması üsullarının tədqiqi” mövzuları üzrə araşdırmalar aparılıb, müəyyən nəticələr əldə olunub.

Sonra məruzəçi nəzərə çatdırıb ki, şöbədə həmçinin SOCAR-ın Elm Fondu tərəfindən maliyyələşdirilən “Süni intellekt texnologiyalarının tətbiqi ilə neft-qaz sənayesində onlayn platformada idarəetmə üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda tədqiqatlar aparılıb. Bildirib ki, bu mövzu üzrə “Əşyaların süni intellekti əsasında neft-qaz infrastrukturunda qabaqlayıcı texniki xidmətin təşkili metodlarının işlənməsi”, “Süni intellekt texnologiyalarının tətbiqi ilə kritik infrastrukturlarda təhdidlərin və kibertəhlükələrin həlli üçün mexanizmlərin işlənməsi” adlı məqalələr hazırlanıb.

Ş.Mehdiyev şöbədə “Mobil sensor şəbəkələrində etibarlılığın təmin edilməsinin metodları”, “Mobil sensor şəbəkələrində fərdi məlumatların təhlükəsizliyinin təmin olunması problemləri”, “Ətraf mühitin mühafizəsində simsiz sensor şəbəkə texnologiyalarının tətbiqi məsələləri” kimi mövzularda da tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Daha sonra şöbə müdiri AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak çərçivəsində yarım il ərzində görülmüş işlər haqqında da məlumat verib.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim şöbədə aparılan elmi tədqiqatların dərinləşdirilməsi, keyfiyyətli məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.