İnstitutun baş elmi işçisi beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

31 May 2024 - 10:07 | Konfranslar, İclaslar
İnstitutun baş elmi işçisi beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova 22-24 may 2024-cü il tarixlərində Bakıda keçirilən “Pilotsuz sistemlər: süni intellekt, dizayn və səmərəlilik üzrə beynəlxalq simpozium”da (International Symposium on Unmanned Systems: Artificial Intelligence, Design & Effeciency – ISUDEF24) çıxış edib.

Tədbirdə Ş.Mahmudovanın “Qarışqa alqoritmindən istifadə edərək proqram təminatının optimallaşdırılması üçün alqoritmin işlənməsi” (Algorithm development for software optimization using ANT) mövzusunda məruzəsi dinlənilib. Məqalədə yüksək keyfiyyətli proqram təminatı sistemlərinin hazırlanması zamanı müxtəlif texnologiyalar, metod və alqoritmlərdən istifadə olunduğu qeyd olunub. 

Ş.Mahmudova tədqiqat çərçivəsində qarışqa alqoritmi ilə bağlı araşdırmalar aparıldığını nəzərə çatdırıb. Bildirib ki, qarışqa alqoritmi təxmini həllər tapmaq üçün ən effektiv polinom alqoritmlərindən biridir. Həmçinin, bu alqoritm proqram təminatının səmərəliliyini artırır, optimallaşdırır, qraflarda oxşar marşrut axtarış problemlərini həll edir.

Məruzəçi konsepsiyanın mahiyyətinin koloniyanın qida mənbəyinə gedən yolların axtarışında qarışqaların davranışlarını təhlil etmək, istifadə etmək və meta-heuristik olaraq optimallaşdırmaqdan ibarət olduğunu qeyd edib. Bildirib ki, qarışqa alqoritmini biomimetika sahəsinə aid etmək olar.

Çıxışının sonunda dosent Ş.Mahmudova əldə olunmuş elmi nəticələr əsasında aparılan hesablamaların yüksək nəticə verdiyini diqqətə çatdırıb.

Ş.Mahmudovanın məruzəsi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, konfransa təqdim olunmuş materiallar “Web of Science” və “Scopus” elmi bazalarında indeksləşir. Məqalələr “Springer” nəşriyyatında çap olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.