Kvant kompüter – kvant mexanikası əsasında hesablama apara bilən kompüter texnologiyasıdır. Kvant kompüterlərin ölçü vahidi kimi kvant bit və ya kubit qəbul olunub.
Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun “Kvant kompüter: mövcud vəziyyəti və tətbiq sahələri” mövzusunda keçirilən elmi seminarında məlumat verilib.
Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Oqtay Ələkbərov kvant kompüterin tarixi haqqında məlumat verib. Bildirib ki, ilk dəfə kvant kompüterlərin yaradılması fikrini 1981-ci ildə məşhur fizik Riçard Feyman irəli sürmüşdür. Buna baxmayaraq, ilk kvant kompüterin yaradılması 1998-ci ilə təsadüf edir. IBM şirkəti Oksford universitetinin nəzdində 2 kubit hesablama gücünə malik kvant kompüteri ictimayətə təqdim etmişdir.
Sonra məruzəçi qeyd edib ki, 2018-ci ildə IBM şirkəti CES sərgisində 20 kubit hesablama gücünə sahib kvant kompüterin təqdimatını keçirmişdir. “Quantum System One” buludla inteqrasiya olunmuş ilk kvant kompüter şəbəkəsidir.
Onun sözlərinə görə, 2020-ci ildə “Google” şirkəti tərəfindən 53 kubit gücə malik kvant kompüter (“Sycamore”) istifadəyə verilmişdir. Dünyanın ən güclü superkomputeri olan “Frontier HPE Cray EX235a”nın 10000 ilə yaxın müddətdə yerinə yetirdiyi əməliyyata “Sycamore” adlı bu kvant kompüter 200 saniyə vaxt sərf edir.
“Kvant kompüterlər Şor, Qrover və Doyça-Yoji alqoritmlərinin iş prinsiplərinə əsaslanır. Həmçinin kvant kubitlərin də bir neçə tipi mövcuddur. Buraya yüksək-keçirici, yarım-keçirici, ion və foton kubitlər aiddir”, - deyə tədqiqatçı bildirib. Əlavə edib ki, kvant kompüterlər tibb, energetika, logistika, maliyyə və s. sahələrdə tətbiq olunur.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək kvant kompüterlərlərin mövcud vəziyyəti və tətbiq sahələrinin araşdırılmasının aktuallıq kəsb etdiyini vurğulayıb, mövzuya dair təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.