İntellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları üzrə tədqiqatlar aparılacaq

19 Mart 2024 - 10:51 | Konfranslar, İclaslar

2024-cü ildə İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində e-elmin formalaşması və elmmetriya problemləri üzrə araşdırmalar davam etdiriləcək.

Bu barədə institutun Elmi informasiya və elmmetriya şöbəsinin 2024-cü il üzrə fəaliyyət planının müzakirəsi zamanı məlumat verilib. Şöbə müdiri Mədinə Səidova planı təqdim edərək bildirib ki, “Azərbaycanda   intellektual e-kitabxanaların formalaşması problemləri  və həlli yolları”, “Elmi təyinatlı kontentlər əsasında elmmetrik qiymətləndirmə meyarlarının tətbiqi ilə intellektual informasiya sistemi konsepsiyasının işlənilməsi” mövzularının işlənməsi cari il üzrə fəaliyyət planına daxildir.

Sonra M.Səidova cari il ərzində respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrin çapı ilə bağlı nəzərdə tutulan planı diqqətə çatdırıb.

Daha sonra şöbə müdiri elmi-innovasiya fəaliyyəti üzrə “yırtıcı” və “oğurlanmış” jurnalların seçilməsi ilə bağlı əməkdaşlara konsaltinq xidmətlərinin göstərilməsi, antiplagiat xidmətlərinin təşkili və istismarının həyata keçirilməsi ilə bağlı görülmüş işlər haqqında məlumat verib. Həmçinin, institutda nəşr olunan jurnal məqalələrinə, konfrans materiallarına və s. DOI adların alınmasından bəhs edib, “Elmmetriya saatı” seminarının müvzularını təqdim edib.

Məruzəçi şöbədə beynəlxalq elmi əməkdaşlıq əlaqələri çərçivəsində “Exlibris”, “Crossref”  və “Grammarly” şirkətləri ilə əməkdaşlıq münasibətləri haqqında danışıb. Şöbə əməkdaşlarının elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə məlumatları iclas iştirakçılarının nəzərinə çatdırıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək e-elmin formalaşması və elmmetriya  problemlərinin həlli istiqamətində aparılan tədqiqatlarla bağlı öz təklif və tövsiyələrini səsləndirib. Alim şöbədə aparılan tədqiqatların genişləndirilməsinin, bu istiqamətdə məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.