İndustry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar davam etdiriləcək

12 Mart 2024 - 14:46 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin 2024-cü il üzrə fəaliyyət planı müzakirə olunub. Məruzəni təqdim edən şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi struktur bölmənin cari il üzrə elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib.

O, cari ildə şöbədə müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatların davam etdiriləcəyini qeyd edib. Bildirib ki, bu istiqamətdə “İnternet mühitində reklam, marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə araşdırmalar aparılacaq.

Sonra A.Səmidov “Kiber-fiziki geosistemlərin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda təcili və təxirəsalınmaz tibbi yardım xidmətində kiber-fiziki geosistemlərin konseptual modelinin yaradılması ilə bağlı tədqiqatların  aparılacağını diqqətə çatdırıb.

Məruzəçi bildirib ki, “Süni intellektə əsaslanan jurnalistikada: problemlər və perspektivlər” mövzusunda da tədqiqatların davam etdirilməsi şöbənin cari il üzrə planına daxildir.

Daha sonra şöbə müdiri nüfuzlu beynəlxalq jurnallarda nəşr olunacaq məqalələr, eyni zamanda, şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər barədə də məlumat verib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Multimedia Texnologiyaları Mərkəzinin 2024-cü il üzrə fəaliyyət planı ilə bağlı fikirlərini bölüşüb, şöbədə aktual problemləri əhatə edən elmi tədqiqatların daha da dərinləşdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.