Rəqəmsal və yaşıl transformasiyalar kontekstində Yeni nəsil iqtisadiyyatın formalaşması problemləri tədqiq olunur

26 Fervral 2024 - 11:16 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında rəqəmsal transformasiya və innovasiya iqtisadiyyatının formalaşması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin 2024-cü il üzrə fəaliyyət planı müzakirə olunub.

Şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev rəhbərlik etdiyi struktur bölmənin cari il üçün fəaliyyət planını təqdim edib. Rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi elmi istiqamətində rəqəmsal transformasiya və innovasiya iqtisadiyyatının formalaşması problemləri üzrə elmi-tədqiqat işlərinin yerinə yetiriləcəyini diqqətə çatdırıb.

Alim “Yeni nəsil rəqəmsal iqtisadiyyatın formalaşması problemlərinin araşdırılması, onların həlli mexanizmlərinin konseptual və nəzəri əsaslarının inkişaf etdirilməsi” mövzusu üzrə yeni nəsil rəqəmsal iqtisadiyyatın formalaşması problemlərinin tədqiqi və onların həlli mexanizmlərinin konseptual əsasları, rəqəmsal iqtisadiyyat və transformasiya şəraitində müəssisələrin effektiv informasiya infrastrukturunun, informasiya təminatı sisteminin formalaşdırılması, onların kibertəhlükəsizliyi, dayanıqlılığı və kompleks iqtisadi səmərəliliyinin yüksəldilməsi platformaları, modelləri və mexanizmlərinin işlənilməsi, eləcə də onların elmi-metodoloji və nəzəri əsaslarının inkişaf aspektlərinin araşdırılması, işğaldan azad edilmiş ərazilərdə rəqəmsal transformasiya əsasında iqtisadi ekosistemin formalaşması mexanizmlərinin işlənilməsi istiqamətində tədqiqatların aparılacağını bildirib.

O, “Yaşıl rəqəmsal transformasiyalar kontekstində yaşıl ətraf mühitin və sirkulyar iqtisadiyyatın formalaşması şəraitində cəmiyyətin, iqtisadiyyatın və təbiətin qarşılıqlı effektiv inkişafı problemlərinin tədqiqi və həll mexanizmlərinin işlənilməsi” mövzusunda elmi-tədqiqat işi çərçivəsində milli mental xüsusiyyətlərin yaşıl cəmiyyətə, iqtisadiyyata, transformasiyaya, həmrəyliyə təsirinin sosial-iqtisadi aspektlərinin araşdırılması, İKT avadanlıqlarının təkrar emalı və ikinci əl satışı bazarının xüsusiyyətləri, onun yaşıl rəqəmsal sirkulyar iqtisadiyyat və ətraf mühit çərçivəsində formalaşma prinsipləri və modelləri üzrə aparılacaq tədqiqatlar barədə məlumat verib.

Ə.Əliyev qeyd edib ki, müvafiq istiqamətdə cəmiyyətin yaşıl transformasiyası fonunda iqlim dəyişikliyi problemləri və onların həllində İKT-nin tətbiqinin konseptual əsasları, Sənaye 4.0 platformasında innovasiya müəssisənin yaşıl rəqəmsal ekosistemi və onun fəaliyyət səmərəliliyinə təsiri aspektlərinin araşdırılması, informasiya cəmiyyəti, rəqəmsal iqtisadiyyat və transformasiya şəraitində elektron tullantıların idarəetmə sisteminin formalaşdırılması ilə bağlı araşdırmalar davam etdiriləcək.

Alimin sözlərinə görə, “Yeni rəqəmsal texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemlərinin araşdırılması və inkişaf səviyyəsinin qiymətləndirilməsi modellərinin işlənilməsi” üzrə süni intellekt əsasında texnoloji iqtisadiyyat sektorlarının formalaşdırılması problemlərinin təhlili və həlli mexanizmlərinin işlənilməsinin konseptual əsasları, rəqəmsal transformasiyalar əsasında ali təhsil sisteminin iqtisadi səmərəliliyinin yüksəldilməsi problemləri və onların həlli mexanizmlərinin işlənilməsi, Big Data əsaslı texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemlərinin təhlili və inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətlərinin tədqiqi də şöbənin fəaliyyət planına daxildir.

Cari il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərdə çapı planlaşdırılan məqalələr, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak ilə bağlı məlumatı nəzərə çatdırıb.

Ə.Əliyev Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu, Rusiya EA İdarəetmə Problemləri İnstitutu, Moskva Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbi, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti, Türkiyənin Ege Universiteti və Yıldız Texniki Universiteti, Rumıniya Milli Siyasi Araşdırmalar və Dövlət İdarəçilik Universitetinin İdarəetmə fakültəsi ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçiriləcəyini söyləyib.

Şöbə rəhbəri, həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında məlumat verib.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, süni intellekt əsasında texnoloji iqtisadiyyat və Big Data əsaslı texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemləri ilə bağlı fundamental tədqiqatların aparılmasının zəruriliyini vurğulayıb. Alim əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinə, aparılan araşdırmaların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanmasına, xüsusilə kadr potensialının artırılması istiqamətində görüləcək işlərə dair tövsiyələr verib.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.