İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında institutda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi, bu istiqamətdə proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi, eləcə də informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə 2023-cü il ərzində aparılan tədqiqatların nəticələri müzakirə olunub.
Bu barədə hesabatla çıxış edən şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi struktur bölmənin cari il ərzində elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, şöbədə keçirilmiş elmi seminar və s. ilə bağlı görülmüş işlər haqqında ətraflı məlumat verib.
T.Kazımov şöbədə icra olunan elmi-tədqiqat işləri üzrə məlumat verərək “İntellektual proqram sistemlərinin sintezi üçün metod və modellərin işlənilməsi” mövzusu üzrə log-fayllardan alınan verilənlərin klasterləşdirilməsi üçün metodun, həmçinin Bulud sistemlərinin platformasında paylanmış strukturlu proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metodun işlənildiyini də diqqətə çatdırıb.
Daha sonra şöbə müdiri bildirib ki, “Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metod və modelin işlənməsi” mövzusunda proqram sistemlərinin etibarlılığının qiymətləndirilməsi üçün metod işlənilmiş, onların keyfiyyət göstəriciləri araşdırılmışdır.
Məruzəçinin sözlərinə görə, cari ildə şöbədə proqram sistemlərinin sınaq metodlarının araşdırılması mövzusu üzrə proqram sistemlərinin sınağında standartların araşdırılması və tətbiqi, eləcə də proqram sistemlərinin sınağı üçün metodların araşdırılması ilə bağlı tezislər və məqalə hazırlanmışdır.
O, həmçinin “Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” adlı dissertasiya işinin müdafiəsi ilə bağlı hazırlıq işlərinin görüldüyünü, bəzi məqalə və tezislərin hazırlandığını da diqqətə çatdırıb.
T. Kazımov il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə 8 məqalənin təqdim edildiyini vurğulayıb.
Məruzəçi institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Soft computing texnologiyaları əsasında proqram sistemlərinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda layihəsinin Azərbaycan Elm Fondunun Ümummilli lider Heydər Əliyevin 100 illik yübileyinə həsr olunmuş “Əsas Qrant Müsabiqəsi - 2023”də təqdim olunduğunu da qeyd edib.
O, şöbənin elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verib.
Hesabat ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək təqdim olunan nəticələrlə bağlı irad və təkliflərini səsləndirib, şöbənin gələcək fəaliyyəti ilə bağlı bir sıra tapşırıqlar verib.
Elmi şuranın qərarı ilə şöbənin 2023-ci il üzrə hesabatı təsdiq olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.