İnstitutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev 27 noyabr – 1 dekabr 2023-cü tarixlərində İtaliyanın Roma şəhərində keçirilən RIPE87 (Avropanın IP şəbəkələri) tədbirində iştirak ediblər.
RIPE tədbiri hər il bütün dünyadan internet xidmət provayderlərini, şəbəkə operatorlarını və digər maraqlı tərəfləri bir araya gətirir.
557 nəfər iştirakçının qatıldığı, 171 nəfər iştirakçının isə onlayn qoşulduğu RIPE87 tədbiri RIPE Şəbəkə Koordinasiya Mərkəzi, ORACLE, CISCO, NTT Data və s. beynəlxalq qurumların birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirin plenar iclaslarında iştirakçılar öz təcrübələrini və bu sahədə ən son yenilikləri bölüşüblər.
R.Ələkbərov və B.Nəbiyev RIPE Şəbəkə Koordinasiya Mərkəzi tərəfindən internet nömrə resurslarının ayrılması üçün istifadə olunan siyasət və prosedurlara dair müzakirələrdə, eləcə də cari texniki və siyasi məsələləri müzakirə etmək üçün RIPE işçi qrupunun sessiyalarında iştirak ediblər.
5 gün ərzində baş tutan tədbir çərçivəsində həmçinin verilənlər bazası, domen adları sistemi, Ipv6, RIPE NCC xidməti, Əşyaların İnterneti üzrə plenar və işçi qrup iclasları keçirilib. İnstitut əməkdaşları bu tədbirlərdə fəal iştirak edərək dünyanın bir çox təşkilatlarından olan mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, növbəti RIPE konfransının 20-24 may 2024-cü il tarixlərində Polşanın Krakov şəhərində keçirilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.