İnstitutda informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə tədqiqatlar davam etdirilir

07 Dekabr 2023 - 10:32 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda struktur bölmələrin illik hesabatlarına həsr olunmuş iclaslara başlanılıb. İclaslarda cari ildə hər bir şöbədə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumatlar verilir. Əsas məqsəd şöbələrin illik fəaliyyətinin və institut əməkdaşlarının əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsi, struktur bölmələrdə yerinə yetirilən elmi və innovativ işlərin monitorinqinin aparılması, o cümlədən qarşıda duran vəzifə və prioritetlərin müəyyənləşdirilməsidir.

İnstitutda keçirilən hesabat iclasında baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev informasiya təhlükəsizliyi problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin illik hesabatını təqdim edib. Bildirib ki, 2023-cü ildə informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq, Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi, mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi, kiber-fiziki sistemlərin kompleks təhlükəsizliyi, sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların qorunması, süni intellekt texnologiyalarının riskləri və onların kiberdayanıqlılığı, rəqəmsal əkiz texnologiyalarının təhlükəsizliyi, eləcə də proses analitikası ilə bağlı araşdırmalar aparılıb, mühüm nəticələr əldə olunub.

Məruzəçi “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusu üzrə kompüter şəbəkələrinin dərin təlim əsasında kibertəhlükəsizlik vəziyyətinin monitorinqi və qiymətləndirilməsi metodunun işlənildiyini, süni immun sistemləri və onların kibertəhlükəsizlik problemlərinin həllində tətbiqi perspektivləri, kompüter şəbəkələrinin kibertəhlükəsizlik vəziyyətinin süni immun mexanizmi əsasında monitorinqi modelinin işlənilməsi istiqamətində tədqiqatların davam etdirildiyini bildirib.

R.Şıxəliyev “Mürəkkəb bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə icra olunmuş işlərdən də bəhs edib. İntellektual bulud sistemlərinin kiberdayanıqlılığının təmin edilməsi üçün modellərin işləndiyini və kibertəhdidlərin NLP əsaslı analizi üsulları ilə bağlı araşdırmaların aparıldığını qeyd edib.

Onun sözlərinə görə, “Kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodları” mövzusunda elmi-tədqiqat işi çərçivəsində kiber-fiziki sistemlərin kibertəhlükəsizliyi risklərinin qiymətləndirilməsi metodunun işlənməsi, sosial təyinatlı kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyi anomaliyalarının dərin təlim əsasında aşkarlanması üzrə tədqiqatlar davam etdirilir.

Məruzəçi, həmçinin şəbəkə infrastrukturunda insidentlərin aşkarlanması, identifikasiya olunması, intellektual analizi və aradan qaldırılması üçün qərarların qəbul edilməsi, informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi, zərərli proqram təminatının aşkarlanması, pilotsuz uçuş sistemlərinə olan kiberhücumların aşkarlanması, sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin qorunması, kritik texnoloji sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi və s. kimi aktual mövzularda aparılmış tədqiqatların nəticələrini diqqətə çatdırıb.

R.Şıxəliyev il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə 25 məqalənin təqdim edildiyini söyləyib.

Beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlərdən söz açan məruzəçi cari ildə GEANT Assosiasiyası, Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzi və Sileziya Texnologiya Universiteti, Almaniyanın Deggendorf Texniki Universiteti, Rusiya Cənub-Qərb Dövlət Universiteti ilə əlaqələrin daha da inkişaf etdirildiyini nəzərə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev süni intellekt texnologiyalarının bir istiqaməti olan süni immun sistemləri və onların kibertəhlükəsizlik məsələləri, NLP texnologiyalarının tətbiqi ilə mətn tipli informasiya resurslarında kibertəhlükələrin aşkarlanması və onlarla mübarizə texnologiyalarının işlənilməsi ilə bağlı əsaslı tədqiqatların aparılmasının zəruriliyini vurğulayıb, müvafiq istiqamətlər üzrə kadr hazırlığının əhəmiyyətindən danışıb. Baş direktor gənc tədqiqatçılara elmi fəaliyyətin daha da gücləndirilməsinə, aparılmış araşdırmaların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.