Zaman sıralarının modelləşdirilməsi metodu əsasında ölkə üzrə demoqrafik göstəricilərin proqnozlaşdırılması alqoritmi işlənilir

01 Dekabr 2023 - 11:55 | Konfranslar, İclaslar
Zaman sıralarının modelləşdirilməsi metodu əsasında ölkə üzrə demoqrafik göstəricilərin proqnozlaşdırılması alqoritmi işlənilir

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti onlayn elmi seminarda şöbə rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova seminarın “Zaman sıralarının modelləşdirilməsi metodu əsasında ölkə üzrə demoqrafik göstəricilərin proqnozlaşdırılması alqoritminin işlənilməsi” mövzusunun müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Məruzəni təqdim edən institutun əməkdaşı Aybəniz Əliyeva əhali ilə bağlı proqnozların milli, regional və yerli səviyyələrdə analitik, planlaşdırma və siyasət məqsədləri üçün geniş şəkildə istifadə olunduğunu qeyd edib. Bildirib ki, doğum və ölüm proqnozları statistik zaman sıraları metodlarından, struktur modellərdən və ya maşın təlimi metodlarından istifadə etməklə hazırlana bilər.

Sonra ARIMA (Auto-Regressive Integrated Moving Average) metodu haqqında məlumat verən tədqiqatçı son illər bu metodun qeyri-stasionar zaman sıralarının proqnozlaşdırılmasında geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Məruzəçi Azərbaycan Respublikasının Dövlət  Statistika Komitəsinin 1950-2022-ci illəri əhatə edən verilənlər əsasında ölkə üzrə növbəti illər üçün doğum və ölüm sayının proqnozlaşdırılmasında ARIMA modelindən istifadə olunduğunu, experimental nəticələrin isə Python proqram mühitində realizasiya olunduğunu qeyd edib. Onun sözlərinə görə, bu model doğum və ölüm saylarının proqnozlaşdırılmasında müsbət nəticə göstərib. Eksperimentin nəticələri növbəti illərdə ölüm sayının azalacağını, doğum sayının isə artacağını söyləməyə əsas verir. Əlavə edib ki, əhali ilə bağlı demoqrafik göstəricilərin proqnozlaşdırılmasında ARIMA zaman sırası modellərinin istifadəsi etibarlı və əhəmiyyətli hesab edilir.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.