Elektron dövlət platformasında paylanmış smart OLAP sisteminin arxitektur-texnoloji modeli işlənilir

30 Noyabr 2023 - 10:25 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti onlayn elmi seminarda şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova “Elektron dövlət platformasında paylanmış smart OLAP sisteminin arxitektur-texnoloji modelinin işlənməsi” mövzusunda məruzəni təqdim edib.

Şöbə rəhbəri qeyd edib ki, XX əsrin sonlarında informasiya texnologiyalarının inkişafı dövlətlə ünsiyyətin yeni formasının - elektron dövlətin (e-dövlət) yaranmasına gətirib çıxarıb. Bildirib ki, e-dövlət daxilində istənilən sahə haqqında tam təsəvvür yaratmaq, eləcə də düzgün idarəetmə qərarları qəbul etmək üçün OLAP sistemləri hazırlanıb.  Həm dövlət, həm də özəl qurumlarda geniş şəkildə istifadə olunan bu sistem OLAP texnologiyaları əsasında hazırlanmış informasiya-analitik sistemidir.

Onun sözlərinə görə, son zamanlar dövlət qurumlarında məlumatların həcminin kəskin şəkildə artması, onların ayrı-ayrı mənbələrdən əldə olunması, eləcə də müxtəlif formatlarda təqdim olunması OLAP-ın fəaliyyətində ciddi problemlər yaradır. Bu səbəbdən OLAP-da nəhəng məlumat həcmini və mənbələrin müxtəlifliyini nəzərə alan yeni yanaşmalara ehtiyac yaranır.

“Məlumat mənbələrinin müxtəlifliyi kibertəhdidləri artırır, intellektual analizin aparılması və proqnozlaşdırma prosesini çətinləşdirir”, – deyən tədqiqatçı ənənəvi OLAP-dan smart OLAP-a keçidin dövrümüzün tələbinə çevrildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, burada məqsəd elektron dövlət çərçivəsində smart OLAP əsasında paylanmış smart OLAP sisteminin arxitektur-texnoloji modelinin işlənilməsidir.

Tədqiqatçı OLAP və Data Mining inteqrasiyasından söz açaraq OLAP Mining termininin OLAP alətləri və verilənlərin intellektual təhlili sistemlərini birləşdirən sistemlər üçün təklif edildiyini də vurğulayıb.

Daha sonra məruzəçi blokçeyndən istifadə edərək OLAP sistemlərində təhlükəsizliyin təmin edilməsi məsələsindən bəhs edib. Söyləyib ki, elektron sistemdə OLAP kimi faydalı texnologiyadan istifadə etmək, eləcə də onun informasiya təhlükəsizliyini təmin etmək üçün ənənəvi texnologiyalardan istifadə əvəzinə informasiyanın saxlanmasının blokçeynlə inteqrasiyası təklif olunur.

G.Nəbibəyova e-dövlət platformasında smart OLAP sisteminin modelinin işlənildiyini, bu sistemin e-tibb, e-gömrük, e-təhsil, e-demoqrafiya, e-terminologiya və s. kimi bir neçə sahəni əhatə etdiyini qeyd edib. Bildirib ki, e-dövlət sahələri özündə bir neçə alt sahələri də birləşdirir.

Onun sözlərinə görə, neyron şəbəkələrdən istifadə edərkən intellektual sistemlərdə həlli vacib olan müxtəlif məsələlər var. Buraya mətnlərin, obyektlərin və s. təsvirlərinin tanınması, təsnifat məsələlərinin, klasterləşmə problemlərinin, həmçinin proqnozlaşdırma problemlərinin həlli və s. daxildir.

Sonda tədqiqatçı bildirib ki, smart OLAP kimi sistemin işlənməsi e-dövlət platformasında qarşılıqlı əlaqədə olan elektron dövlət sahələrindən ibarət rəqəmsal ekosistemin formalaşması istiqamətində mühüm addımlardan biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.