İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi “Horizon Avropa” layihəsi ilə bağlı təlimlərdə çıxış edib

13 Oktyabr 2023 - 10:52 | Konfranslar, İclaslar

Sumqayıt Dövlət Universitetində (SDU) gənc tədqiqatçıların Avropa Komissiyasının Tədqiqat və İnnovasiya Proqramı olan “Horizon Avropa” üzrə təlimlər keçirilib.

SDU rəhbərliyi və əməkdaşlarının iştirakı ilə baş tutan təlimlərə Rəqəmsal, Sənaye və Kosmos, Cost, MSCA (Marie Skłodowska-Curie Actions, Mariya Skladovskaya-Küri) üzrə təmsilçilər də qatılıblar.  

Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, Rəqəmsal, Sənaye və Kosmos üzrə təmsilçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov çıxış edib. O, əvvəlcə Avropa İttifaqının Tədqiqat və İnnovasiyanı maliyyələşdirən Horizon proqramı ilə bağlı məlumat verərək “Horizon”un büdcəsinin 2014-2020-ci illərdə 80 milyard avro, 2020-2027-ci illərdə isə 95,5 milyard avro təşkil etdiyini qeyd edib. Tədqiqat və innovasiyaları dəstəkləyən “Horizon-2020” proqramının Qabaqcıl elm, Sənaye liderliyi, Sosial çağırışlar istiqamətlərində fəaliyyət göstərdiyini söyləyib.

M.Həşimov proqramın hədəfləri, yeni çağırış mexanizmləri, proqrama qoşulma yolları və maliyyə imkanları haqqında da ətraflı məlumat verib.

Tədbirdə həmçinin SDU-nun rektoru Rüfət Əzizov, Avropa Tədqiqatları Mərkəzi və COST Action üzrə təmsilçi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Departament direktoru İlham Hümbətov, MSCA üzrə təmsilçi Zaur Həsənov çıxış edərək proqramın imkanları, “Horizon Avropa” çərçivəsində yeniliklər və s. haqqında danışıblar.

Sonda “Horizon Avropa” çərçivəsində həyata keçirilən layihələr barədə geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.