İnformasiya Texnologiyaları İnstitutu informasiya-kommunikasiya texnologiyalarının çoxaspektli elmi-nəzəri problemlərinə həsr olunan beynəlxalq konfranslara həmtəşkilatçılıq edir, institut əməkdaşları bu sahədə keçirilən nüfuzlu elmi tədbirlərdə fəal iştirak edirlər.
Bu barədə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının iclasında çıxışı zamanı məlumat verib.
Cari ildə rəhbərlik etdiyi elmi müəssisənin həmtəşkilatçılığı ilə keçirilmiş, o cümlədən 2024-cü ildə institutun təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan elmi konfranslardan bəhs edən akademik Rasim Əliquliyev institutun bu istiqamətdə Avstraliya, Türkiyə, Rusiya və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq etdiyini vurğulayıb.
İnstitut rəhbəri Rusiya Elmlər Akademiyasının (REA) müvafiq elmi qurumları ilə mütəmadi olaraq birgə konfransların keçirildiyini və gələcəkdə REA-nın təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan bir sıra konfranslarda İnformasiya Texnologiyaları İnstitutunun da yaxından iştirakı üçün dəvət alındığını diqqətə çatdırıb.
Baş direktor 28 noyabr-1 dekabr 2023-cü il tarixlərində Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində hibrid formatda keçiriləcək “XII Milli Superkompüter Forumu”nun (Национальный Суперкомпьютерный Форум, НСКФ-2023), eləcə də 23-25 aprel 2024-cü il tarixlərdə “İnformasiya texnologiyaları və onların tətbiqi” (2th International Conference on Information Technologies and Their Applications, ITTA 2024) mövzusunda Bakıda keçiriləcək II beynəlxalq konfransın təşkilatçıları arasında İnformasiya Texnologiyaları İnstitutunun da yer aldığını qeyd edib.
Akademik R.Əliquliyev institutun əməkdaşlıq etdiyi müxtəlif ölkələrinin nüfuzlu elmi qurumları, eləcə də Azərbaycanın müvafiq sahədə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri ilə birgə süni intellektin multidissiplinar problemlərinə həsr olunmuş beynəlxalq konfransın 2024-cü ildə keçirilməsi ilə bağlı tapşırıqlarını verib, bütün əməkdaşları bu konfransda fəal iştirak etməyə çağırıb.
Alim həmçinin İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və informatikanın inkişaf tarixi” ümumrespublika konfransının keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Sonra institutun Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova Rusiyanın Kursk şəhərində hibrid formatda keçirilən, institutun həmtəşkilatçısı olduğu “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2023) XVII beynəlxalq elmi-texniki konfransının nəticələrinə dair çıxış edib. M.Səidova bu konfransa institut əməkdaşları tərəfindən 13-ü rus, 4-ü ingilis dilində olmaqla 17 konfrans materialının təqdim olunduğunu, aparılan tədqiqatların nəticələrinin yüksək qiymətləndirildiyini deyib.
Şöbə müdiri 28 noyabr-1 dekabr 2023-cü il tarixlərində keçiriləcək “XII Milli Superkompüter Forumu” (Национальный Суперкомпьютерный Форум, НСКФ-2023) haqqında da məlumat verib. M.Səidova institut əməkdaşlarını Rusiyada superkompüter sahəsində ən əhəmiyyətli tədbirlərdən biri hesab olunan “НСКФ-2023”də məruzələrlə çıxış etməyi tövsiyə edib.
Daha sonra institutun elmi-katibi Nərmin Adıgözəlova 28-30 avqust 2023-cü il tarixlərində institutun həmtəşkilatçılığı ilə keçirilmiş “5th International Conference on Problems of Cybernetics and Informatics” (PCI 2023) konfransının nəticələrinə dair çıxış edib. N.Adıgözəlova İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “PCI 2023”də yaxından iştirak etdiklərini, informasiya texnologiyalarının aktual elmi problemlərinə həsr olunmuş məruzələrlə çıxış etdiklərini diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.