Qaraciyər xərçənginin erkən diaqnozu üçün alqoritm işlənilib

10 Oktyabr 2023 - 09:49 | Konfranslar, İclaslar
Qaraciyər xərçənginin erkən diaqnozu üçün alqoritm işlənilib

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d., professor Məsumə Məmmədova, t.e.d., dosent Zərifə Cəbrayılova, kiçik elmi işçi Lalə Qarayevanın həmmüəllifi olduqları “Gen cütlərinin oxşarlığına görə hepatosellular karsinomanın erkən diaqnozu alqoritmi” (Algorithm for Early Diagnosis of Hepatocellular Carcinoma Based on Gene Pair Similarity) adlı məruzə Rusiyanın Kursk şəhərində hibrid formatda keçirilən, institutun həmtəşkilatçısı olduğu “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında müzakirə olunub.

Məruzəyə dair çıxış edən L.Qarayeva qaraciyər xərçəngi kimi tanınan hepatosellular karsinomanın (HCC) erkən diaqnozu və proqnozlaşdırılması məsələsinin həlli üçün maşın təlimi alqoritmlərinin tətbiqi ilə bağlı aparılan tədqiqatın nəticələrindən bəhs edib. 

L.Qarayeva bildirib ki, tədqiqat işində təqdim olunmuş alqoritmdə HCC toxumalarının ona oxşar CwoHCC qeyri-xərçəng toxumalarına oxşarlığı gen cütlərinin minimum kənaraçıxması və maksimum uyğunluğu ilə təyin edilir. O, tədqiqatlar zamanı maşın təlimi metodları əsasında seçilmiş optimal gen cütlərinin xüsusiyyətlərinin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.