İnstitutun baş elmi işçisi beynəlxalq konfransda məruzə ilə çıxış edib

19 Sentyabr 2023 - 10:24 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2023) XVII beynəlxalq elmi-texniki konfransında “İnsanın tanınmasında biometrik şəbəkələrin rolu” (The Role of Biometric Networks in Recognition of Person) mövzusunda məruzə ilə çıxış edib.

Ş.Mahmudova biometrik şəbəkə, onun problemləri və identifikasiyası haqqında məlumat verib. Bildirib ki, biometrik şəbəkə sistemi videokameralar vasitəsilə avtomatik rejimdə üz təsvirlərini tapır, kodlaşdırır və verilənlər bazasında mövcud olan təsvirlərdən istifadə edərək onları müəyyən edir. Burada əsas məqsəd inteqrasiya edilmiş və ya paylanmış biometrik məlumat bazasının birgə istifadəsidir. Bu səbəbdən istifadə olunan məlumatların beynəlxalq keyfiyyət standartlarına uyğun olması vacib şərtlərdəndir.

Ş.Mahmudova onu da qeyd edib ki, dünyada artan terror təhlükəsi təhlükəsizlik sistemlərini təkmilləşdirmək üçün biometrik identifikasiya sistemlərinin yaradılmasını zəruri edib. Biometrik texnologiyalar hüquq-mühafizə və dövlət təhlükəsizliyi sistemi, həmçinin ölkənin müdafiə təminatı ilə bağlı məsələlərin həlli üçün əhəmiyyətlidir.

Alim məruzəsində müvafiq sahə üzrə bəzi təklif və tövsiyələri də diqqətə çatdırıb.

Qeyd edək ki, 12-15 sentyabr tarixlərində Rusiyanın Kursk şəhərində keçirilən beynəlxalq elmi-texniki konfransın həmtəşkilatçılarından biri də İnformasiya Texnologiyaları İnstitutudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.