İnstitut əməkdaşları Polşanın Varşava şəhərində keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

04 Sentyabr 2023 - 16:35 | Konfranslar, İclaslar
İnstitut əməkdaşları Polşanın Varşava şəhərində keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

Polşanın Varşava şəhərində Kompüter elmləri, texnika və təhsilin tətbiqləri üzrə 6-cı beynəlxalq konfransın (The 6th International Conference on Computer Science, Engineering and Education Applications, ICCSEEA2023) “Təbii və Mühəndis Proseslərinin idarə edilməsi üçün Kompüter Elmləri” mövzusuna həsr olunmuş bölmə iclasında “Uşaqların İnternetə girişinin yaş və fərdi xüsusiyyətlər əsasında idarə edilməsi” (Child Access Control Based on Age and Personality Traits) adlı təqdimatla akademik Rasim Əliquliyev, tex.f.d., dos. Fərqanə Abdullayeva və baş mütəxəssis Sabirə Ocaqverdiyeva çıxış ediblər.

Məruzədə əvvəlcə İnternet beynəlxalq şəbəkəsinin məlumatın geniş auditoriyaya çatdırılmasında mühüm rolu olduğu və istifadəçiyə daha çox təsir göstərdiyi diqqətə çatdırılıb. İnformasiya bolluğu şəraitində bir tərəfdə İnternetdən əldə olunan açıq informasiyanın olduğu, digər tərəfdə isə cəmiyyətin həssas üzvü olan uşaqların aktiv istifadəçi kimi dayandığı qeyd edilib. İnternet mühitində zərərli informasiya ilə qarşılaşmanın daha çox uşaq və yeniyetmələrin payına düşdüyü, bunun azyaşlıların psixologiyasına, sağlamlığına və s. zərər verdiyi bildirilib və qarşıdurma mexanizmlərinin hazırlanmasının vacib olduğu nəzərə çatdırılıb.

Sonra isə uşaqların İnternet mühitində ziyanlı informasiyadan qorunması məqsədilə ekspert sisteminin təklif olunduğu haqqında məlumat verilib. Təklif edilən ekspert sisteminin uşaqların fərdi xüsusiyyətləri (uşağın yaşı, göz, ürək və s. xəstəlikləri) nəzərə alınmaqla, onların şəbəkəyə daxil olmasına icazənin verilməsi və uşaqların texnologiyalardan istifadəsi zamanı ekran vaxtının tənzimlənməsi üçün qərar qəbuletmə imkanlarına malik olduğu bildirilib. Qeyd edilib ki, Mamdani qeyri-səlis məntiqi çıxarış üsuluna əsaslanan yanaşma uşaqların sağlamlıq və psixoloji vəziyyətini qiymətləndirməklə onların texnologiyalardan istifadəsində yaş və fərdi xüsusiyyətləri nəzərə alır. Təklif edilmiş yanaşmanı İnternet mühitinə istifadəçi-uşaqların girişinin idarə edilməsi sahəsində mühüm nəticə hesab etmək olar.

Qeyd edək ki, “ICCSEEA2023” konfransı onlayn formada təşkil edilib və təqdim olunmuş məruzələr “Springer” nəşriyyatının “Lecture Notes on Data Engineering and Communications Technologies” toplusunda çap edilib. Tədbirdə Şimali Amerika, Avropa, Asiya-Sakit Okean ölkələri və dünyanın digər dövlətlərindən məruzələr təqdim olunub. Konfransa qəbul olunmuş məqalələr “Scopus”, “Ei Compendex”, “Google Scholar” və s. beynəlxalq bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.