Elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması üçün metod və alqoritmlər işlənilir

16 Avqust 2023 - 15:39 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2023-cü ilin birinci yarısı üzrə hesabatı müzakirə olunub.

Hesabatı təqdim edən Mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova hesabat dövründə elmi-tədqiqat fəaliyyəti çərçivəsində görülmüş işlərdən bəhs edib.

O, müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə “IV sənaye inqilabı platformasında informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi problemləri” mövzusunda tədqiqatların aparıldığını qeyd edib.

R.Mahmudova rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqaməti üzrə Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri çərçivəsində yerinə yetirilən “Jest informatikası: istiqamətləri, hədəfləri, texnologiyaları” mövzusunda dissertasiya işi ilə bağlı görülən işləri diqqətə çatdırıb.

O həmçinin qeyd olunan istiqamətdə “Elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi”, eləcə də “İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi” mövzularında araşdırmaların aparıldığını bildirib.

TİM-in rəhbəri, eyni istiqamətdə rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə “İntellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi” mövzusunda yerinə yetirilən dissertasiya işinin tamamlandığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Eyni zamanda Azərbaycan Respublikasında “Elmi kadrlar” informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi” və “Azərbaycanda Big Data yönümlü müxtəlif xarakterli və təyinatlı informasiya resurslarının təhlili, onların kommersiyalaşdırılması potensialının tədqiqi və qiymətləndirilməsi” mövzuları üzrə aparılan tədqiqatlar haqqında məlumat verib.

Daha sonra məruzəçi yarımillik dövr ərzində respublika səviyyəli, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrin nəşri ilə bağlı görülən işləri qeyd edib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Mərkəzin yarımillik fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik R.Əliquliyev əməkdaşların elmi fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verib.

Alim Mərkəzdə yerinə yetirilən elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması ilə bağlı tədqiqatların böyük aktuallıq kəsb etdiyini qeyd edib və bu istiqamətdə kompleks araşdırmaların aparılmasının zəruriliyini vurğulayıb. R.Əliquliyev tədqiqat işi çərçivəsində ölkəmizdə elektron dövlət platformasında Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, təkmilləşdirilməsi, multikulturallığının qorunması və s. məsələləri özündə əks etdirən, vətəndaşları dil haqqında bilikləndirmək və dil səviyyəsini avtomatik qiymətləndirmək üçün ideologiyanın işlənildiyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.