İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarında “Sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların formalaşması mənbələrinin analizi” mövzusunda məruzə dinlənilib.
İnstitutun doktorantı Araz Mustafa mövzuya dair çıxış edərək, son dövrlərdə sosial təyinatlı kiber-fiziki sistemlərlə fərdlərin qarşılıqlı əlaqəsinin sürətli inkişafının bu sistemlərdə fərdi məlumatların toplanması, saxlanması, emalı və istifadəsi zamanı təhlükəsizlik və gizlilik prinsiplərinin tədqiq edilməsi məsələlərini ortaya çıxardığını bildirib. O, müvafiq tədqiqat işində sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların formalaşması mənbələrinin təhlil edilərək təsnifatlaşdırıldığını diqqətə çatdırıb.
Məruzəçi qeyd edib ki, kiber-fiziki sistemlər müasir kommunikasiya sistemləri vasitəsilə nəzarət və idarəetmə sahəsində intellektual metodlar olub, qabaqcıl texnologiyaları birləşdirən sistemlərdir və hesablamaların kiberaspektləri ilə real dünyada işləyən fiziki sistemlərin birgə işini təmin edir. Başqa sözlə, kiber-fiziki sistemlər dedikdə, fiziki və yeni hesablama imkanlarından istifadə edərək bir-birinə bağlı sistemləri idarə edən transformasiya texnologiyaları nəzərdə tutulur.
Onun sözlərinə görə, internet insanların informasiya ilə qarşılıqlı münasibətlərini dəyişdirdiyi kimi, kiber-fiziki sistemlər də insanların ətraf mühitlə və əhatə olunduqları texniki sistemlərlə qarşılıqlı münasibətlərini dəyişdirməkdədir. Kiber-fiziki sistemlər vasitəsilə insanlar avtomatlaşdırılmış proseslərin işinə nəzarət edən və qərar qəbulunda son sözü deyən idarəedici instansiya kimi çıxış edirlər.
Kiber-fiziki sistemlərin insan və cəmiyyət həyatındakı rolu artdıqca onlardan istifadə geniş vüsət almağa və yeni termin olan “sosial təyinatlı kiber-fiziki sistemlər” subtermini istifadə olunmağa başlamışdır. Artıq demək olar ki, bütün müasir tipli, müxtəlif təyinatlı binaların, həmçinin, şəhərlər, nəqliyyat sistemləri, aeroportlar, tibbi avadanlıqlar və s. kimi qurğu və tikintilərin layihələndirilməsi zamanı sosial təyinatlı kiber-fiziki sistemlər mühəndislər tərəfindən nəzərə alınır.
Sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların formalaşması mənbələrindən söz açan tədqiqatçı bildirib ki, bu sistemlər öz-özünü sinxronlaşdıran, paralel icraedici, fiziki səviyyədə müəyyən qədər təsir edə bilən və qismən idrak edə bilən fiziki sistemlərdir. Eyni zamanda, bu sistemlər vasitəsilə emal və analiz məqsədilə məlumatların toplanması və ötürülməsi prosesləri də baş verir. Fərdlər və subyektlərdən mütəmadi olaraq məlumatlar toplanılır və müəyyən bazalarda saxlanılır. Fərdi məlumatların formalaşması mənbələrini sosial şəbəkələr, daşınan cihazlar, smart ev, “ağıllı” nəqliyyat, xidmət sistemləri, “ağıllı şəhər”lər, tibdə və sənayedə istifadə edilən sistemlər və s. kimi təsnif etmək olar.
“Rəqəmsal transformasiyaların sürətləndiyi bir dövrdə fərdlər tərəfindən sosial təyinatlı kiber-fiziki sistemlərdə edilən hər hansı bir funksional və ya prosedural tranzaksiyalar məlumat bazalarında, serverlərdə fərdi məlumatların izlərini qoyur. Sosial təyinatlı kiber-fiziki sistemlər tərəfindən hər bir subyektin fərdi məlumatları toplanır. Bu məlumatlar müəyyən hallarda istifadəçilərin rahatlığının təmin edilməsi üçün zəruri sayıla bilər. Lakin bəzən fərdi məlumatların sızması, informasiyanın bütovlüyü prinsipinin pozulması halları baş verir ki, bu da mənfi nəticələrə gətirib çıxara bilər. Bu kimi hadisələrin qarşısının alınması üçün sosial təyinatlı kiber-fiziki sistemlərdə toplanan fərdi məlumatların təhlükəsizliyinin təmin olunması məsələsi daha da aktuallaşır”, – deyə məruzəçi söyləyib.
A.Mustafa qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi üçün fərdi məlumatların fəaliyyət sahələrinə uyğun komponentlərə bölünməsi mühüm əhəmiyyət kəsb edir. Məsələn, ictimai-siyasi, iqtisadi, hərbi, elmi-texnoloji təhlükəsizlik, informasiya təhlükəsizliyi, təhsil sisteminin təhlükəsizliyi və s. Bunlardan əlavə, sosial təyinatlı kiber-fiziki sistemlərdə mənbələrdən formalaşmış məlumatların yarada biləcəyi risklər müəyyən edilməli və onlara qarşı lazımi tədbirlər görülməlidir.
Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, sosial təyinatlı kiber-fiziki sistemlərdə toplanmış fərdi məlumatların təhlükəsizliyinin təmin olunması üçün federativ təlim texnologiyalarının araşdırılmasının önəmini qeyd edib. alim müvafiq istiqamətdə əsaslı elmi tədqiqatların aparılması və əldə edilmiş elmi-nəzəri nəticələrin nüfuzlu jurnallarda nəşr olunmasına dair təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.