Jestlərlə idarə olunan texnologiyaların fəaliyyət sxemi və parametrlərinin müqayisəli təhlilinə dair məruzə dinlənilib

25 İyun 2023 - 12:28 | Konfranslar, İclaslar
Jestlərlə idarə olunan texnologiyaların fəaliyyət sxemi və parametrlərinin müqayisəli təhlilinə dair məruzə dinlənilib

İnformasiya ötürməyin və əldə etməyin müxtəlif üsulları vardır. Onların arasında jestlər xüsusi əhəmiyyətə malikdir. Jestlərdən mütəmadi olaraq istifadə edən eşitmə və nitq məhdudiyyəti olan insanlardır. Lakin jestlərin istifadə dairəsi genişdir. Məsələn, jestlərlə informasiyanın ötürülməsi üsulu uzaq məsafəyə səsin çatmadığı hallarda və ya işin prinsipinə əsasən sakitliyin qorunması məqsədi ilə də istifadə olunur. İnformasiya-kommunikasiya texnologiyalarının dinamik inkişaf etməsi digər sahələr ilə yanaşı, insan-maşın interfeysinin jestlərlə idarə olunması sahəsinə də öz töhfəsini vermişdir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin “Jestlərlə idarə olunan texnologiyaların fəaliyyət sxemi və parametrlərinin müqayisəli təhlili” mövzusuna həsr olunmuş onlayn elmi seminarında məlumat verilib.

Mövzu üzrə çıxış edən institutun baş mütəxəssisi Kəmalə Qurbanova kompüter və robot sistemləri üçün jest idarəetmə texnologiyalarının böyük potensiala malik olduğunu və bir çox problemlərin həllinə müsbət təsir etdiyini diqqətə çatdırıb. Bu problemlərə naqilli texnologiyaların jestlərlə idarə olunan texnologiyalarla əvəz olunması, ünsiyyət prosesində çətinlik çəkən insanların kommunikasiyası, eləcə də insanın vaxtına, puluna, enerjisinə qənaət etməsi və s. daxildir. Əlavə edib ki, insan-maşın interfeysinin jestlərlə idarə olunması prosesi iki tərəf arasında informasiya mübadiləsidir: istifadəçi mesajını jest ilə ifadə edir, maşın isə jesti aşkar edir və tanıyır.

Tədqiqatçı qeyd edib ki,  intellektual idarəetmə sisteminin fəaliyyət sxemi ardıcıl olaraq yerinə yetirilən beş əsas mərhələ ilə xarakterizə olunur: 1) əmrlər kamera və ya mikrofonla verilənlər bazasına daxil edilir; 2) verilənlər bazasındakı məlumatlar ayrı-ayrılıqda emal olunur; 3) məlumatın əlamətləri aşkar edilir; 4) hər hansı tanınma metodu əsaslanaraq (süni neyron şəbəkələri, Markov zəncirləri və s.) təhlil aparılır, tanınma etibarlılığı test olunur və qərar qəbul olunur; 5) əmr icra olunur. 

Məruzəçi bu sahədə olan texnologiyalar -  Air Gesture proqram və aparat sistemi, iMotion kontrolleri, nTobeBox sistemi, Kai kontrolleri, Gestonurse cihazı, Gest kontrolleri, Arrm.io startapı, Google MediaPipe modeli və s. haqqında da ətraflı məlumat verib.

K.Qurbanova jestlərlə idarə olunan qurğuların parametrlərinin müqayisəli təhlilini cədvəl şəklində təqdim edib. Cədvəldə  qurğuların iş diapazonu, reaksiya sürəti, elektrik enerjisini saxlama müddəti, həcmi, dəstəkləyən əməliyyat sistemləri, tətbiq dairəsi göstərilib. Jestlərlə idarəetmə texnologiyalarına əsaslanan sistemlərin tətbiq dairəsi fərdi kompüterlərdən tutmuş cərrahi robotlara qədər olduqca genişdir. Tək bir jest bir sıra klaviatura və siçan düymələrini əvəz edə bilir, eyni zamanda işin sürətini kəskin artırır. Simsiz sistemlərin idarə edilməsi texnologiyaları uzaq məsafədən cihazı idarə etməyə imkan verir.

Sonda tədqiqatçı nəzərə çatdırıb ki, insan-jest-maşın interfeyslərinin inkişafı işin keyfiyyətini yaxşılaşdırır, eşitmə və nitq məhdudiyyətli insanların istifadəçi kimi imkanlarını genişləndirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.