Alimlər gözün torlu qişasını əvəz edəcək nanopərdə hazırlayıblar

10 Dekabr 2014 - 10:34 | Texnoloji yeniliklər
Alimlər gözün torlu qişasını əvəz edəcək nanopərdə hazırlayıblar

İsrail alimləri gözün süni torlu qişasının yaradılması üçün onun əsasını təşkil edə biləcək elastik pərdə hazırlayıblar. Tədqiqatların nəticəsi “Nano Letters” jurnalında dərc olunub.

İşığa həssas pərdə yarımnaqilli nanoqəlib və karbon nanodəstəklərinin kombinasiyasından hazırlanıb. İmplantasiya edilmiş pərdəyə işıq düşdükdə, o, işığa həssas xüsusi tip neyronları stimulyasiya etməyə başlayır. Toyuqların embrionları üzərində aparılmış sınaqlar tədqiqatçıların metodunun effektivliyini sübut edib. 

Tədqiqat qrupunun rəhbəri, professor Yael Haneyn qeyd edib ki, bu kimi digər texnologiyalarla müqayisədə yeni pərdə davamiyyəti, elastikliyi və effektivliyi ilə fərqlənir.  “Zədələnmiş torlu qişanın əvəz edilməsi hələ yaxın gələcəyin işidir. Amma biz, buna doğru gedirik, tədqiqatlardakı irəliləyişlər düzgün istiqamətdədir”.

Əgər alimlərin səyləri uğur gətirsə, o zaman torlu qişanın degenerasiyasından əziyyət çəkən insanlara yeni süni torlu qişa görmə qabiliyyətini bərpa etməkdə kömək edəcək.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.