Qreys Mürrey - COBOL proqramlaşdırma dilinin ixtiraçılarından biridir

09 Dekabr 2014 - 12:22 | Maraqlı məlumatlar
Qreys Mürrey - COBOL proqramlaşdırma dilinin ixtiraçılarından biridir

Kompüter dünyası və proqramlaşdırma dilləri tarixində təqdimata ehtiyacı olmayan biri varsa — bu, əlbəttə ki, kapitan Qreys Mürrey Hopperdir…

Bu sözləri proqramlaşdırma sahəsində tanınmış alimlərdən olan, proqramlaşdırma tarixi üzrə bir çox kitabların müəllifi Cin Semmit səsləndirib.

Qreys Mürrey Hopper 1906-cı il dekabrın 9-da Nyu-Yorkda (ABŞ)  sığorta agenti Uolter Fletçerin ailəsində anadan olmuşdur. 1928-ci ildə o, Nyu-Yorkda Vassar kollecini fərqlənmə diplomu ilə bitirmiş və Yale Universitetində öz təhsilini davam etdirmişdir.

Burada Q.Mürrey 1930-cu ildə magistr, 1934-cü ildə isə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1944-cü ildə isə ASCC (Mark-1) kompüteri üçün proqramların hazırlanmasıyla məşğul olmağa başlamışdır.

1951-ci ildə Hopper ilk kompilyatoru yaratdı. O, müəllifi olduğu “kompilyator” termininin mənşəyini belə izah edirdi: "Alt proqramlar kitabxanada (kompüterdə) yerləşir, buradan materialların seçilməsi kompilyasiya adlanır".

COBOL proqramlaşdırma dilinin ixtiraçılarından biri olan Qreys Mürrey 1992-ci ilin yanvarında, ömrünün 85-ci ilində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir.

Q.Hopperin proqramlaşdırma sahəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilmiş, dünyanın 40-dan çox universitet və kolleci onu müxtəlif rütbələrlə təltif etmişdir. O, Məlumatların İdarə edilməsi və İşlənməsi Assosiasiyası tərəfindən informatika üzrə "ilin adamı" mükafatına layiq görülən ilk alimdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.