İnformasiya Texnologiyaları İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

24 Fevral 2023 - 16:00 | Konfranslar, İclaslar

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov Xocalı faciəsinin XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən amansız və qəddar cinayətlərdən biri olduğunu bildirib. O, 30 il bundan öncə erməni işğalçılarının Xocalı şəhərinə hücum edərək yüzlərlə azərbaycanlının həyatına son qoyduqlarını, bu dəhşətli faciədə 613 insanın vəhşicəsinə öldürülüyünü xatırladıb: “63 uşaq, 70 qoca, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir. Ümumilikdə itkin düşən 150 nəfərin taleyi hələ də məlum deyil”.

“Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət, güclü dövlət və ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirdi”, - deyən R.Ələkbərov müzəffər Ordumuzun Azərbaycan xalqının tarixinə ən şanlı, şərəfli və qürurverici səhifəsini yazdığı 44 günlük müharibə nəticəsində Xocalı faciəsi qurbanlarının da qisasının döyüş meydanında alındığını vurğulayıb.

R.Ələkbərov müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradə və qətiyyətlə ikinci Qarabağ müharibəsində Zəfər qazandığımız kimi, eyni milli birlik, siyasi iradə və güclü iqtisadiyyatımız sayəsində işğal altında olan digər ərazilərimizə də geri qayıdacağımıza əminliyini ifadə edib. O, hazırda azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edilməklə yüksək sürətlə həyata keçirildiyini diqqətə çatdırıb.

İnstitutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov son iki əsrdə erməni millətçilərinin ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti apardıqlarını bildirib. Qeyd edib ki, törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir.

“Azərbaycanlı əhalinin amansız soyqırımına dair çoxsaylı faktlar sübut edir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn tələblərinin pozulmasıdır, - deyə F.Yusifov bildirib.

F.Yusifov Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atıldığını deyərək bildirib ki, faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.

Daha sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova Xocalı qətliamının hüquqi aspektlərindən bəhs edib. O,  xalqımıza qarşı törədilmiş bu ağır cinayətin istintaqı və ona hüquqi qiymət verilməsi, təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırıldığını diqqətə çatdırıb.

A.Fərəcovanın sözlərinə görə, beynəlxalq humanitar hüquq normalarına, insan hüquqları üzrə ən müxtəlif konvensiyalara məhəl qoymayan erməni hərbi birləşmələri dinc əhalini qətlə yetirmək məqsədilə insanlığa ləkə olan ən qəddar üsullara əl atıblar. 1992-ci ildə Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktların aşkar edildiyini deyən A.Fərəcova bildirib ki, bu faktlar ermənilərin Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırımı niyyətinin dayandığını aşkara çıxarır.

O, Xocalı soyqırımını törədən hərbi cinayətkarların bir qisminin İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən institutun əməkdaşları - Əyyub Əliyev, Dilbər Əlizadə, Təbriz AğaşovLalə Qarayeva Xocalı faciəsinin erməni millətçilərin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, erməni faşizminin təzahürü olduğunu bildiriblər, dünya ölkələrinin millətimizə qarşı törədilmiş soyqırımı ilə bağlı daim məlumatlandırılmasının zəruriliyindən danışıblar. Qeyd olunub ki, Xocalıya hücum əməliyyatında erməni hərbi hissələri ilə yanaşı, xarici ölkələrdən gətirilmiş muzdluların, 366-cı motoatıcı alayın da iştirak etməsi hadisənin siyasi həcminin böyüklüyünə dəlalət edir.

Çıxış edənlər həmçinin dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün qurbanları olan Xocalı şəhidlərinin daim qəlblərdə yaşacağına və xatirələrinin əziz tutulacağını inamını ifadə ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.