Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransı seksiya iclasları ilə davam edir.
Tədbirin ikinci günündə AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, filologiya elmləri doktoru Məsud Mahmudov; filologiya elmləri doktoru Nadir Məmmədli, iqtisad elmləri doktoru, dosent Əlövsət Əliyev; AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, filologiya elmləri doktoru Sayalı Sadıqova; AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli; texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev; AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə və filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmlinin həmsədrliyi ilə 6 seksiya iclasının keçirilməsi nəzərdə tutulur.
Seksiya iclaslarında “Kompüter dilçiliyinin meydana gəlməsi və inkişaf tendensiyaları”, “Azərbaycan dilinin milli korpusunun linqvistik tədqiqatlarda rolu”, “Dil iqtisadiyyatı biliklər iqtisadiyyatının tərkib hissəsi kimi”, “Real vaxt rejimində Azərbaycan dili üçün nitqi tanıma sisteminin işlənməsi”, “Rəqəmsal iqtisadiyyat və transformasiyaların Azərbaycan dilində termin və anlayışlar bazasının formalaşdırılması problemləri”, “Azərbaycan dilində antiplagiat sistemlərinin yaradılması problemləri və onların həlli yolları haqqında”, “E-dövlət mühitində Azərbaycan dili normalarına on-line nəzarət sisteminin konseptual və arxitektur-texnoloji əsasları”, “Milli terminoloji informasiya sisteminin formalaşmasının arxitektur-texnoloji prinsipləri haqqında” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
İclaslarda həmçinin milli onomastika sisteminin formalaşması aspektləri, milli dil korpusunda Azərbaycan dilinin tədqiqi məsələləri, ali təhsil müəssisələrində dərs cədvəlinin qurulması üçün intellektual dialoq sistemi, Azərbaycan dilində nitq texnologiyalarının tətbiqi, jurnalistikada mətnlərin intellektual linqvistik təminatı problemləri, korpus dilçiliyi və leksikoqrafiya və s. istiqamətlərdə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, konfrans AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, eləcə də Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.