İnstitut əməkdaşlarının məqaləsi nüfuzlu “Springer” nəşriyyatına aid məcmuədə yer alıb

07 Fevral 2023 - 17:31 | Yeni nəşrlər

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və böyük elmi işçi Əfruz Qurbanovanın məqalələri 27 yanvar 2023-cü il tarixdə nüfuzlu “Springer” nəşriyyatına aid “Advances in Intelligent Systems, Computer Science and Digital Economics IV” adlı elmi məcmuədə yer alıb.

Sözügedən məcmuəyə 11-13 noyabr 2022-ci il tarixlərdə Çinin Uhan şəhərində onlayn formatda keçirilən Kompüter Elmləri, Rəqəmsal İqtisadiyyat və İntellektual Sistemlər üzrə 4-cü Beynəlxalq Simpoziumda (CSDEIS2022: The 4th International Symposium on Computer Science, Digital Economy and Intelligent Systems) təqdim edilmiş yüksək keyfiyyətli elmi məqalələr daxil edilib.

Konfrans nüfuzlu “Web of Science”, “Scopus”, “INSPEC” və “Ei Compendex” beynəlxalq elmi bazalarında indeksləşir.

Şəfəqət Mahmudovanın “İnstrumental proqram sistemlərinin sintezində istifadə olunan intellektual interfeys üçün metodun işlənməsi” (Development of a method for the intelligent interface used in the synthesis of instrumental software systems) adlı məqaləsində proqram sistemlərinin sintezi barədə məlumat verilmişdir. Tədqiqat işində intellektual proqram sisteminin sintezi məsələləri üçün konseptual model işlənmiş, sintez prosesinin modeli qurulmuş, intellektual interfeys yaradılmış, biliklər bazasının yaradılması məsələsi nəzərdən keçirilmişdir. Süni intellekt metodlarından istifadə etməklə intellektual interfeysin qurulmasında ekspert qiymətləndirmə və qeyri-səlis çoxluqlar nəzəriyyəsindən istifadə edilmişdir.

Biliyin aşkarlanması mərhələsində ekspertlər qrupunun formalaşmasında kriteriyalar və alternativlər müəyyən olunmuşdur. Qrup şəklində olan istifadəçilərin xarakteristikaları təyin olunmuş, intellektual interfeys üçün riyazi model işlənmişdir. Ekspert qrupunun bacarığının formalaşdırılması və qiymətləndirilməsi həyata keçirilmiş və eksperimentlər aparılmışdır. Bu kimi sistemlərin yaradılması və istifadəyə verilməsinin xərclərin azaldılmasına, proqramın sürətli və effektiv işləməsinə səbəb olduğu qeyd edilmişdir.

Əfruz Qurbanovanın “Sənaye 4.0 dövründə milli azlıqların dillərinin qorunması problemləri və perspektivləri” (Problems and Prospects for Minority Languages in the Age of Industry 4.0) adlı məqaləsində isə informasiya-kommunikasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan dövrümüzdə dillərin, eləcə də milli azlıqların dillərinin qorunması və inkişafının həlli vacib məsələlərdən olduğu qeyd edilmişdir. Tədqiqat işində dillərin sosiolinqvistik aspektdə öyrənilməsinin zəruriliyi əsaslandırılmış, onların demoqrafik gücünü müəyyən edən amillər analiz olunmuşdur. Qloballaşma prosesinin dünyadakı dillərə təsiri, onların qorunması istiqamətində beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihə və proqramlar, qəbul edilən mühüm sənədlər təhlil edilmişdir. Dillərin virtual məkanda təsbit olunması və sənədləşdirilməsinin zəruriliyindən bəhs edilmiş, kiberməkanda dillərin vəziyyəti və istifadə səviyyəsi təhlil olunmuşdur.

Həmçinin Sənaye 4.0 kontekstində milli azlıqların dillərinin qorunması problemlərinin həllinə mümkün yanaşmalar nəzərdən keçirilmişdir. Azərbaycanda milli azlıqların dillərinin vəziyyəti, coğrafiyası, demoqrafiyası və istifadə səviyyəsi təhlil olunmuş, milli azlıqların dillərinin qorunması və inkişafı istiqamətində təklif və tövsiyələr verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.