AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üzrə illik hesabatının müzakirəsi zamanı AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bölməyə daxil olan elmi müəssisə və təşkilatlarda elmi biliklərin təbliği və populyarlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Akademik institut və təşkilatların “Facebook”, “Twitter” və “Youtube” platformalarında təmsil olunduqlarını, əldə olunan mühüm elmi nəticələrin bu sosial şəbəkələr vasitəsilə geniş ictimaiyyətə çatdırıldığını qeyd edib. Alim ötən il veb-saytlarda, televiziya və radioda çıxışlar, müsahibələr, eləcə də elmi-populyar nəşrlər daxil olmaqla, ümumilikdə 185 materialın hazırlandığını deyib. Həmçinin Bölməyə daxil olan hər bir institut üzrə elmin təbliği və populyarlaşdırılması istiqamətində görülmüş işlərə dair statistikanı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Elmi şuranın sədri institut və təşkilatların veb-saytlarına olan müraciətlər üzrə göstəriciləri təqdim edib. Alim bildirib ki, hesabat ili ərzində ən çox İnformasiya Texnologiyaları İnstitutunun veb-saytına müraciət qeydə alınmışdır. Sonrakı pillələrdə isə Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu və digər elmi müəssisələr yer alıb.
Elmi müəssisələrin fəaliyyətinin kütləvi informasiya vasitələrində (KİV) işıqlandırılmasının əhəmiyyətini önə çəkən alim nəzərə çatdırıb ki, FRTEB-in institutları ötən il bu istiqamətdə də fəallıq nümayiş etdirmiş, KİV-də ümumilikdə 13396 materialın dərcinə nail olmuşdur.
Azərbaycan dövlətçiliyi ideologiyasının təbliğində Vikipediyanın xüsusi rola malik olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti FRTEB-in elmi müəssisələri tərəfindən bu onlayn ensiklopediyaya 235 məqalənin daxil edildiyini qeyd edib. Alim əlavə edib ki, bu məqalələrdən 124-ü İnformasiya Texnologiyaları İnstitutunun payına düşür.
Akademik Rasim Əliquliyev sonda FRTEB-ə daxil olan elmi müəssisələri əldə olunan mühüm elmi nailiyyətlərin təbliği və populyarlaşdırılması istiqamətində daha da fəal olmağa, öz bilik və təcrübələrini ölkənin nüfuzlu radio və televiziya kanallarında, eləcə də sosial şəbəkələrdə bölüşməyə çağırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.