Bu il Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində keçirilən ənənəvi beynəlxalq “Bakutel” sərgi-konfransının 20 illiyidir. 1994-cü ildən başlayaraq “Bakutel” sərgisi telekommunikasiya bazarının iştirakçılarını bir araya gətirərək İT məhsul və xidmətlərinin nümayiş etdirilməsi üçün əsas meydan funksiyasını yerinə yetirir. Burada təkcə yeni və inkişaf etdirilmiş İKT malları nümayiş olunmur, eyni zamanda dünyanın beyin mərkəzlərinin, rəsmi şəxslərinin, biznes strukturlarının iştirakı ilə sahə üzrə ortaya çıxan problemlər, onların həlli yolları istiqamətində konfranslar keçirilir, qarşıda duran vəzifələr, prioritet istiqamətlər müəyyənləşdirilir.
Eləcə də şirkətlər, ideya müəllifləri və vençur kapitalistləri arasında möhkəm əlaqələr qurulur, yeni-yeni əməkdaşlıqlar nəticəsində müəssisələr yaradılır. Sərginin Azərbaycanın İKT üzrə əldə etdiyi nailiyyətlərin ölkə ictimaiyyətinə və dünyaya çatdırılması, sahəyə marağın daha da artırılması, elm və istehsalda bu sahə üzrə prioritetlərin müəyyən edilməsi baxımından da əhəmiyyəti böyükdür. Bütün bunlarla bağlı AMEA-nın akademik-katibi, müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevlə söhbətləşdik. “Bakutel” sərgi-konfransının İKT sektoruna verdiyi töhfələrdən danışan müsahibim bildirdi ki, dünyada baş verən hazırkı proseslərin fonunda Azərbaycanda gedən inkişaf mərhələsi bütün dövlətlərin diqqətini özünə cəlb edir:
- Ölkənin sosial-iqtisadi irəliləyişi çox yüksək sürətlə həyata keçirilir. Onun tərkib hissəsi olaraq qeyri-neft sektorunun prioritet kimi irəli çıxarılması və bu istiqamətdə düşünülmüş, kompleks addımların atılması sözügedən sahənin inkişafını sürətləndirib. Mən burada informasiya-kommunikasiya texnologiyalarının, elmin, təhsilin və digər sahələr üzrə əldə olunan uğurlu nailiyyətləri nəzərdə tuturam. Bu sahələrin inkişafı ölkədə yeni bir reallıq yaradıb. Belə ki, Azərbaycan artıq qarşısına biliklər cəmiyyətinin formalaşmasını məqsəd qoymuşdur.
Respublika Prezidenti cənab İlham Əliyev 2012-ci ilin dekabrında qəbul etdiyi “Azərbaycan 2020. Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində ölkənin strateji hədəflərini göstərmiş və biliklər cəmiyyətinin formalaşması istiqamətində görüləcək işləri, strateji və taktiki hədəfləri müəyyənləşdirmişdir. Bu baxımdan alimlərin, təhsil işçilərinin, informasiya texnologiyaları sahəsində çalışan insanların, qurumların qarşısında böyük vəzifələr vardır. Biz ölkəmizdə yaranmış bu imkanlardan istifadə edərək yüksək intellektli insan resursları formalaşdırmalıyıq. Elmi inkişaf etdirməliyik. Elmi müstəqil Azərbaycanın maraqlarına uyğunlaşdırmalıyıq. Elmi prioritetlərə yenidən baxmalı, problemləri və eyni zamanda dövlətin elmə olan tələbatını müəyyənləşdirməliyik. Dünya elmində yaxından iştirak etməliyik.
Xüsusi missiya
Ölkədə yeni bir intellektual mühitin formalaşmaqda olduğunu deyən R.Əliquliyevin qənaətincə, onun daha da inkişaf etdirilməsində informasiya-kommunikasiya texnologiyalarının üzərinə xüsusi missiya düşür:
- Çünki İKT inkişaf etdikcə ölkəmiz informasiya cəmiyyətinin formalaşması istiqamətində mühüm addımlar atılır. Məhz buna görə də son illər əldə olunan nailiyyətlər beynəlxalq qurumlar, region ölkələr tərəfindən çox yüksək qiymətləndirilir. Beləliklə, həyata keçirilən genişmiqyaslı tədbirlərin əsas hədəfi ölkəmizdə biliklər iqtisadiyyatının qurulmasıdır.
Qabaqcıl biliklərin, elmin, təhsilin innovativ üsullarla iqtisadi mühitə transformasiya edilməsi və iqtisadi sektorda biliklərə əsaslanan iqtisadiyyatın çəkisinin artması və bunun da həyata keçirilməsinə nail olunması üçün müxtəlif sərgilərin keçirilməsinə böyük ehtiyac var. Çünki əldə olunan nailiyyətləri müxtəlif üsullarla - televiziya, radio, eyni zamanda da sərgilər vasitəsi ilə cəmiyyətə, dünyaya təqdim olunması məqsədəuyğundur. Məhz buna görə də ayrı-ayrı sferaların sərgiləri olduğu kimi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə hər il keçirilən “Bakutel” sərgi-konfransı çərçivəsində reallaşdırılan tədbirlər çox mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən bildirim ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təkcə “Bakutel” sərgisinə deyil, eyni zamanda ölkədə keçirilən digər sərgilərə də böyük dəstək verir. Məsələn, bu yaxınlarda AMEA-nın təşkilatçılığı ilə keçirilən Bakı Elm Festivalına digər qurumlarla yanaşı, RYTN də böyük dəstək vermişdir və festival çərçivəsində alimlərin əldə etdiyi nailiyyətlərin cəmiyyətə çatdırılması, populyarlaşdırılması, gənc nəslin maarifləndirilməsi və sairə istiqamətində keçirilən sərgilərdə yaxından iştirak etmişdir. Ümumiyyətlə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz fəaliyyətində elmlə münasibətlərin qurulmasına və dərinləşdirilməsinə böyük əhəmiyyət verir.
Sərgi - yeni əməkdaşlıq imkanı
“Bakutel” sərgisində milli İT məhsulları ilə yanaşı, elm tutumlu nəticələrin də nümayiş etdirildiyini vurğulayan R.Əliquliyev bildirib ki, sözügedən sərgiyə xarici dövlətlər və şirkətlər də çox böyük maraq göstərirlər. Onların böyük məmnuniyyətlə öz məhsullarını təqdim etdiklərini qeyd edən İTİ-nin direktoru sərgini xarici şirkətlərin yerli müəssisələrlə əlaqələr qurması üçün yaxşı imkan adlandırıb:
- Bu sərgi məhsulların təqdimatı ilə yanaşı, eyni zamanda bir beyin mərkəzi rolunu oynayır. Yəni sərgi çərçivəsində müxtəlif mövzulara həsr olunmuş konfranslar keçirilir. İnsanlar bir tərəfdən konkret eksponatlarla tanış olurlar və onlar haqqında bilgilər əldə edirlər, eyni zamanda yüksək səviyyədə təşkil olunan konfranslarda ideyalar irəli sürürlər, müzakirələr aparırlar, yeniliklərlə, təcrübələrlə tanış olurlar, yeni vəzifələr müəyyənləşdirirlər. Ona görə də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu da “Bakutel” sərgisinə böyük ruh yüksəkliyi ilə hazırlaşır. Biz məmnuniyyətlə bu tədbirlərdə iştirak edəcəyik.
Yeri gəlmişkən, qeyd edim ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi artıq təkcə rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərmir, eyni zamanda ölkəmizdə biliklər iqtisadiyyatının əsasını təşkil edən yüksək texnologiyaların araşdırılması, onun tətbiqi və sənaye əsasında istehsalına çalışır. Prezident İlham Əliyevin bir çağırışını da xüsusi qeyd etmək istəyirəm. Ölkə başçısı Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl olduğu kimi, elmimizin də regionda aparıcı və elmi mərkəzə çevrilməsi məsələsini ortaya qoymuşdur. Bu çağırış da yüksək texnologiyalar cəmiyyətinin yaranması üçün konkret vəzifələri müəyyənləşdirir. Həmin vəzifələrin həyata keçirilməsi üçün bir tərəfdən elm, bir tərəfdən praktika, bir tərəfdən təhsilin birgə fəaliyyət göstərməsinə ehtiyac vardır.
Azərbaycanda yüksək keyfiyyətli kadrların hazırlanmasına, onların fəaliyyət göstərməsinə, yüksək işgüzar mühitin yaradılması, hər bir kəsin özünün innovativ fəaliyyətinin həyata keçirilməsi üçün gözəl zəmin yaranıb. Eyni zamanda ölkəmizdə yeni bir startap hərəkatının da yaranması və “Bakutel” çərçivəsində gənclərimizin məhsullarının təqdim olunması da xüsusi qeyd olunmalıdır. Qabaqcıl biliklərin elmi laboratoriyalar səviyyəsində, jurnal səhifələrindən artıq istehsala doğru addım atması, startaplar vasitəsilə onların cəmiyyətdə fidanlar kimi yaradılması, inkişaf etdirilməsi ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın ilkin qaranquşlarıdır. Bunu da mən xüsusi qiymətləndirirəm. Şübhəsiz ki, bunlar get-gedə inkişaf edəcək, yeni funksiyalar əldə olunacaq, yeni imkanlar qazanacaqdır. Bu da ölkəmizdə elmlə təhsilin, elmlə istehsalatın birgə fəaliyyət göstərməsinə, cəmiyyətdə yeni reallığın, proqressiv imkanların ortaya çıxmasına gətirib çıxardacaqdır.
“Bakutel” sərgi-konfransı elmi nəticələrin cəmiyyətimizə və eləcə də dünya ictimaiyyətinə çatdırılması baxımından hansı əhəmiyyətə malikdir?
Bu istiqamətdə sərginin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Ümumiyyətlə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası ilə hərtərəfli əlaqələri mövcuddur. Nazirlik İKT-dən başqa digər texnologiyalarla da əlaqəli olduğu üçün Elmlər Akademiyası ilə nanotexnologiyalar, biotexnologiyalar, nüvə texnologiyaları kimi sahələr üzrə də artıq əməkdaşlığa başlanılıb. Biz bunu çox yüksək qiymətləndiririk. Doğrudan da belə bir nazirliyin yaradılması AMEA üçün gözəl imkanlar açır. Sadaladığım istiqamətlərdə də birgə konfranslar keçirilməsində, AMEA-nın qarşısında müəyyən sifarişlərin qoyulması və prioritetlərin müəyyənləşdirilməsində RYTN yaxından iştirak edir. Qeyd etdiyim kimi, yüksək elmi nəticələrə, nəzəri biliklərə malik olan məhsullar artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən çox böyük diqqətlə qarşılanır və onların da “Bakutel” sərgisində nümayişi həyata keçirilir. Təbiidir ki, “Bakutel” sərgi-konfransında da bu məsələlərə müxtəlif formatda toxunulacaq. Sərgi çərçivəsində keçirilən konfranslarda əməkdaşlıq münasibətləri, elmi nəticələr, ərsəyə gətirilən məhsullar geniş müzakirə olunacaqdır. Bu da təbii olaraq ölkəmizdə elmi məhsulların innovasiyasına gözəl şərait yaradacaq. Ona görə də Elmlər Akademiyası bu məsələlərə böyük ümidlə baxır.
“Bakutel”in ölkədə İKT-nin daha da inkişaf etdirilməsinə və bu sahədə aparılan elmi axtarışlara marağın artırılması baxımından hansı töhfələri var?
Bilirsiniz ki, hazırda hər bir sahədə innovativ tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac vardır. Yəni araşdırmalar aparılır, müəyyən nəticələr əldə edilir. Alimin əsasən gücü məqalələr çap etdirməyə, kitab yazmağa çatır. Amma “Bakutel” kimi sərgilər alimlərə imkan verir ki, əldə etdiyi nəticələri təqdim etməklə diqqətləri cəlb etsin, fikir mübadilələri aparsın. Bu da çox əhəmiyyətli məsələdir. “Bakutel” sərgisi bu sahə üzrə peşəkarların toplaşdığı əsas məkanlardan biridir. Eyni zamanda, “Bakutel” sərgisi maliyyə qurumlarının Azərbaycana investisiya qoyması üçün inamın yaranması baxımından da xüsusi əhəmiyyətə malikdir. Sərgi çərçivəsində ölkəmizə gələn xarici maliyyə qaynaqları, İKT şirkətləri burada gözəl biznes mühitinin olduğunu görürlər. Ona görə də Azərbaycanda öz işlərini böyük həvəslə qurmağa, sektor üzrə maliyyə yatırmağa və bu sahənin inkişafında maraqlı görsənirlər. Məhz buna görə də Azərbaycanda əldə edilən nailiyyətlər “Bakutel” sərgisinə diqqəti artırır.
Qabaqcıl texnologiyalar, elmi biliklər bir çox hallarda maliyyə problemləri ilə üzləşirlər. Çünki maliyyə mənbələri öz vəsaitlərini o yerlərə yatırırlar ki, həm heç bir riski olmasın, həm də yaxın zamanda mənfəət əldə edə bilsin. Amma elmə əsaslanan texnologiyaların maliyyələşdirmə məsələləri o qədər də asan deyil. Çünki maliyyə imkanları olan qurumlar müəyyən risklərlə qarşı-qarşıya durduqları üçün ona vəsait yatırmaqda tərəddüd edirlər. Ona görə də “Bakutel” sərgisi çərçivəsində bir tərəfdən maliyyə imkanları olan qurumlar, digər tərəfdən də yüksək texnologiyalar, elmi nəticələr əldə etmiş şirkətlər və yaxud da elmi tədqiqat qurumları qarşılaşır, ümumi müzakirələr, ortaya qoyulan hazır məhsullarla risk məsələlərinin azaldılmasının fonunda gələcəyə inamı artırır. Beləliklə də kapitalın yatırılmasında olan riskin azaldılması üçün gözəl mühit yaranır.
Ölkənin İKT sahəsindəki inkişafının dünyaya nümayiş etdirilməsində “Bakutel”in hansı rolu var?
Çox yaxşı sualdır. Bu sərgi 20 il ərzində respublika səviyyəsindən çıxaraq beynəlxalq mahiyyət daşımağa başlayıb. “Bakutel” sərgi-konfransının iştirakçıları təkcə Azərbaycan şirkətləri deyil, eyni zamanda dünyanın aparıcı şirkətləri, beyin mərkəzləri, İKT üzrə fəaliyyət göstərən rəsmi dairələrdir. Ölkəmizə gələrək buradakı mühitlə, yaradılan imkanlarla, İKT-nin Azərbaycan insanına verilən imkanlarla, İKT bazarı ilə yaxından tanış olurlar. Azərbaycanda olan həm idarəetmə təcrübəsini, həm siyasi təcrübəni, həm də İKT üçün yaranmış biznes şəraitini izləyir və növbəti addımları müəyyənləşdirirlər. İnvestisiya qoyuluşunu, müəyyən əməkdaşlıqlar şəraitində birgə məhsulların istehsalını müzakirə edirlər. Xüsusən də region ölkələri Azərbaycan şirkətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər. Bununla yanaşı, ölkədəki mütəxəssis bazarını da yaxından tanımış olurlar. Çünki sərgidə iştirak edənlərin əksəriyyəti İKT mütəxəssisidir. “Bakutel” bir növ mütəxəssislərimizin də sərgisidir.
Qeyd edim ki, gənclərin “Bakutel” sərgisində iştirakını, onlara geniş imkanların yaradılmasını da yüksək qiymətləndiririk. Sərgidə Azərbaycan gəncliyinin aktiv iştirakı bizə ölkənin gələcəyi üçün gözəl resurslarımızın formalaşmaqda olmasından xəbər verir.
"Rabitə dünyası" qəzeti, 2 dekabr 2014-cü il.