İdarəetmə Sistemləri İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası və Milli Aviasiya Akademiyasının 2022-ci il üzrə illik hesabatları müzakirə olundu

22 Dekabr 2022 - 15:05 | Konfranslar, İclaslar

Dekabrın 20-də AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə illik hesabatlara həsr olunmuş Ümumi Yığıncağının ilk iclası keçirildi.

AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İns­titutunda baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev, Ümumi yığıncağın üzvləri, Bölmənin tərkibinə daxil olan elmi müəssisələrin baş və icraçı direktorları, elmi katiblər, təhsil və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri və digər aidiyyəti şəxslər iştirak edirdilər.

Akademik Rasim Əliquliyev iclası açaraq FRTEB-in elmi müəssisələrinin artıq yeni hüquqi şəraitdə fəaliyyət göstərdiklərini, hazırda institutların struktur bölmələrində, şöbə və laboratoriyalarında illik hesabat iclaslarının keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, həmin iclaslarda AMEA-nın rəhbərliyindən olan nümayəndələrlə yanaşı, müvafiq dövlət qurumlarını təmsil edən məsul şəxslər də iştirak edirlər. Akademik Rasim Əliquliyev vurğuladı ki, illik hesabatlara həsr olunmuş iclaslarda elm və təhsil ictimaiyyəti ilə yanaşı, müvafiq dövlət qurumlarının məsul şəxslərinin iştirakı mühüm elmi nəticə və nailiyyətlərin geniş təbliği, elmə dövlət, özəl və vətəndaş cəmiyyəti sektorundan olan potensial sifarişlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.     

Sonra iclasda İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları – riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayeva 75 illik, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Qədimov 80 illik, texnika elmləri doktoru, dosent Fəhrad Paşayev isə 70 illik yubileyi münasibətilə FRTEB-in Fəxri fərmanları ilə təltif olundular.

Daha sonra İdarəetmə Sistemləri İns­titutunun baş direktoru, akademik Əli Abbasov bu elmi müəssisənin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim etdi.

Akademik Ə.Abbasov 2022-ci ildə İdarəetmə Sistemləri İns­titutunda 3 əsas elmi istiqamətdə 9 problem və 19 mövzu üzrə 38 elmi-tədqiqat işinin icra edildiyini qeyd etdi.

O, institutda dünya elminin çağırışlarına cavab verən, prioritet istiqamətlərdə yerinə yetirilmiş elmi-tədqiqat işləri üzrə 28 mühüm elmi nəticənin alındığını, onlardan 7-sinin Elmi Şura tərəfindən təsdiq edildiyini söylədi.

Baş direktor institut əməkdaşlarının AMEA-nın elan etdiyi elmi-tədqiqat proqramları, eləcə də ölkədaxili və beynəlxalq layihələrdə fəal iştirak etdiklərini bildirdi. 

Alimin sözlərinə görə, 2022-ci ildə SCADA modeli və Əşyalar İnterneti (İoT) əsasında işlənilmiş sənaye idarəetmə sistemi, AR Kənd Təsərrüfatı Nazirliyi üçün “Ağıllı kənd” platforması əsasında işlənilmiş İKT komponentlərinin qurulması sistemi, cari ildə təkmilləşdirilmiş “Formaların tanıma sistemi” tətbiqi proqramlar paketi və institut əməkdaşlarının müəllifi olduğu Elektron Tədris proqram təminatı da daxil olmaqla 7 elmi-tədqiqat işinin nəticələri müxtəlif sferalarda uğurla tətbiq edilmişdir.

Kibernetika “Xüsusi Konstruktor Bürosu” ilə birgə fəaliyyətin davam etdirildiyini, eyni zamanda ölkədə fəaliyyət göstərən müxtəlif özəl şirkətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini deyən alim elmi-tədqiqat işlərinin istehsalatda tətbiqi istiqamətində həmin qurumlarla birgə işlərin aparıldığını, müsbət nəticələrin əldə olunduğunu vurğuladı.

O, institutda kadr hazırlığı ilə bağlı məlumatları diqqətə çatdıraraq 2022-ci ildə 4 elmlər doktoru və 6 fəlsəfə doktoru dissertasiya işlərinin müdafiə edildiyini söylədi.

Akademik İdarəetmə Sistemləri İns­titutunda fəaliyyət göstərən alimlərin əsas nailiyyətləri haqqında məlumat verdi: “İnstitutun əməkdaşı, İstanbul Texniki Universitetinin Riyaziyyat kafedrasının professoru Elmxan Mahmudovun adı 2-ci dəfə ABŞ-ın Stanford Universitetinin tərtib etdiyi və “Elsevier” nəşriyyatı tərəfindən dərc olunan “Dünyanın ən nüfuzlu elm adamları” siyahısına daxil edilmişdir. Bundan əlavə, institutun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Ağası Məlikov Hindistanın Mahatma Qandi Universitetində P.Beenanın “İstehsalı və təkrar tətilləri olan xidmət-ehtiyatlanma sistemlərinin tədqiqi” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yaradılmış dissertasiya şurasının sədri təyin olunmuşdur”.

Ə.Abbasov 2022-ci ildə institutun alim və mütəxəssisləri tərəfindən ümumlikdə çap olunmuş 299 elmi məqalənin 84-nün “Web of Science”,  56-sının “Scopus”, 15-nin РИНЦ bazasına daxil olan jurnallarda öz əksini tapdığını dedi, eləcə də digər nüfuzlu beynəlxalq jurnallarda çap olunmuş məqalələrin statistikasının təqdim etdi. Alim bildirdi ki, cari ildə institutda 5 monoqrafiya, 2 kitab, 5 dərs vəsaiti hazırlanmış, 6 Avrasiya, 1 respublika patenti alınmışdır.

O, həmçinin elm və təhsilin inteqrasiyası, beynəlxalq əməkdaşlıq, çap olunmuş monoqrafiya və kitablar, bibliometrik göstəricilər, isi.az saytının 2022-ci il üzrə statistikası və s. tədbirlər haqqında ətraflı məlumat verdi.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov isə Rəsədxananın 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı təqdim etdi. O, əvvəlcə AR Prezidentinin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Şamaxı Astrofizika Rəsədxanasının balansında olan dövlət əmlakı ilə birlikdə Elm və Təhsil Nazirliyinin tabeliyinəverildiyini, bu fərmandan irəli gələn vəzifələrin icrası istiqamətində tədbirlərin görüldüyünü söylədi.

Sonra baş direktor 2022-ci ildə aparılmış tədqiqatlar üzrə mühüm elmi nəticələri iclas iştirakçılarının diqqətinə çatdırdı. Səma cisimlərinin fizika və dinamikası istiqamətində ulduz və qalaktikaların kompleks tədqiqi və Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası problemləri üzrə tədqqiatların aparıldığını bildirdi. Onun sözlərinə görə, hesabat ilində kosmik plazmada turbulensiya mexanizmi təkmilləşdirilmiş, T Buğa tipli ulduzların yeni alt sinifi müəyyən edilmiş, komet parıltılarında kəskin dəyişmələrin səbəbi aydınlaşdırılmış, komet parıltılarında kəskin dəyişmələrin səbəbi aydınlaşdırılmış, nəzəri kosmologiya sahəsində yeni ideya irəli sürülmüşdür.

2022-ci ildə tətbiq olunmuş mühüm nəticələrdən söz açan alim çox zəif parlaqlıqlı obyektlərin fotometrik müşahidələrini aparmaq üçün ŞAR-ın daxili imkanları əsasında yeni BVR fotometrin hazırlandığını qeyd etdi. Bildirdi ki, fotometrdə 2 m teleskopla tranziyent obyektlərin, barsterlərin, kvazar və qalaktikaların və s. müşahidəsini aparmaq mümkündür. 

İl ərzində rəsədxana əməkdaşları tərəfindən 44 məqalə çap edilmişdir ki, onlardan 7-si “Web of Science” və “Scopus”, 1-i РИНЦ bazasına daxil olan jurnallarda öz əksini tapmışdır.

N.Cəlilov Rəsədxanada elm və təhsilin inteqrasiyası istiqamətində görülmüş işlərdən də danışdı. AR Elm və Təhsil Nazirliyinin elan etdiyi müsabiqə və layihələrdə fəal iştirak edildiyini,  Bakı şəhərinin bir sıra məktəblərində elmi-populyar seminarların keçirildiyini, ali məktəb tələbələri üçün rəsədxanada istehsalat təcrübəsinin təşkil olunduğunu nəzərə çatdırdı.

O, 2022-ci ildə Şamaxı Astrofizika Rəsədxanası ilə Çilinin Bernardo O Higgins Universiteti arasında elmi əməkdaşlıq müqaviləsi imzalandığını söylədi. Alimin sözlərinə görə, hazırda Rəsədxanada Azərbaycanda nüvə astrofizikası və kosmologiyanın inkişafına dəstək məqsədilə qrup yaradılır, gənclərin Avropa Nüvə Tədqiqatları Mərkəzinə (CERN) göndərilməsi üçün təşkilatı işlər aparılır.

Baş direktor AMEA Ümumi yığıncağının 27 aprel 2022-ci il tarixli qərarının icrası ilə əlaqədar görülmüş işlər, Rəsədxananın kadr potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı, maddi-texniki təchizat və maliyyə məsələləri, qrant layihələrdə iştirak, keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında da ətraflı məlumat verdi.

Azərbaycanda astronomiya elminin gələcək inkişafı ilə bağlı təkliflərini irəli sürən N.Cəlilov yeni Astronomiya İnstitutunun yaradılması, yaxın kosmos və praktiki problemlərin həlli üçün mərkəzi Şamaxı Rəsədxanasında olmaqla kosmik monitorinq şəbəkəsinin qurulması, Azərbaycanın orta məktəblərində astronomiyanın tədrisinin təşkil edilməsinin əhəmiyyətini vurğuladı.

Sonra çıxış edən Milli Aviasiya Akademiyasının (MAA) elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Afiq Həsənov Akademiyada 2022-ci ildə alınmış mühüm elmi nəticələr haqqında hesabatı təqdim etdi. 12 elmi istiqamət üzrə 25  mövzuda elmi-tədqiqat işlərinin aparıldığını, Akademiyanın əməkdaşları tərəfindən 229 məqalə və tezisin nəşr edildiyini bildirdi. Qeyd etdi ki, bu məqalələrdən 100-ü beynəlxalq jurnallarda çap olunmuşdur. Milli Aviasiya Akademiyasının ixtiralarına 3 patent alınmışdır. 2022-ci ildə MAA-da 3  fəlsəfə doktoru və 47 magistr dissertasiyası müdafiə olunmuşdur.

O, Akademiyanın ayrı-ayrı kafedralarında radiotexnika, radiolokasiya, radionaviqasiya, televiziya sistemləri və qurğuları, yerüstü komplekslər, buraxılış avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı, informasiya-ölçmə və idarəetmə sistemləri, informasiya-ölçmə və idarəetmə sistemləri, elektrotexniki sistemlər və komplekslər, sistemli analiz, informasiyanın işlənməsi və idarəetmə, maşınların, cihazların və aparatların dinamikası və möhkəmliyi, naviqasiya və havada hərəkətin idarə edilməsi və digər istiqamətlərdə aparılan tədqiqatların nəticələrindən bəhs etdi. Alim radioelektron mübarizə vasitələri, radiotexniki vasitələrin tətbiqi, şüalanma mənbələrinin aşkarlanması ilə bağlı aparılan tədqiqatların əhəmiyyətini diqqətə çatdırdı.

A.Həsənov 2022-ci ildə elmi jurnallar və konfranslarda çap olunmuş məqalələr haqqında məlumatları da təqdim etdi.

Hər bir hesabata dair çoxsaylı suallar cavablandırıldı. Hesabatlar ətrafında gedən müzakirələrdə akademiklər – Rasim Əliquliyev, Fikrət Əliyev, Adil Qəribov, Nazim Məmmədov, AMEA-nın müxbir üzvləri - Oktay Qasımov, Əminağa Sadıqov və digərləri çıxış edərək öz fikir və mülahizələrini səsləndirdilər.

İl ərzində müvafiq elmi müəssisələrdə görülmüş işlərə, aparılmış elmi tədqiqatların nəticələrinə dair geniş fikir mübadiləsi aparıldıqdan sonra hesabatlar qəbul olundu.

İclasın sonunda akademik Əli Abbasovun 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar olaraq AMEA Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılması təklif olundu, eləcə də bir sıra elmi-təşkilati məsələlərə baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.