Biliklərin idarə edilməsi üzrə metod və alqoritmlər işlənilib

24 Noyabr 2022 - 09:47 | Konfranslar, İclaslar

2022-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda Education 4.0 platformasında elektron dövlətin əsas tərkib hissəsi kimi “e-learning” təhsilinin bütün forma və səviyyələrində ümumi təhsil fəzasının yaradılmasında konseptual baxışlar araşdırılmış, elektron təhsil mühitinin formalaşmasında əsas komponent kimi qiymətləndirmə göstəriciləri işlənmiş, elektron tədris müəssisələrində Big Data texnologiyalarının tətbiqi məsələlərinə baxılmış, eləcə də elektron təhsil mühitində intellektual analiz metodları tətbiq edilmişdir.

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında 8 saylı şöbənin 2022-ci il üzrə hesabatının müzakirəsi zamanı bu barədə məlumat verilib. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev hesabatı təqdim edərək 2022-ci il üzrə əldə olunmuş elmi nəticələr və görülmüş işlər haqqında danışıb.

Şöbə müdiri qeyd edib ki, cari il ərzində elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə metodların işlənməsi, onun idarə edilməsi üçün Data Mining imkanlarının araşdırılması, fərdiləşməsi üzrə metod və alqoritmlərin işlənilməsi, e-təhsildə sosial şəbəkələr üzrə təhsil kontentinin idarə edilməsi məsələləri, biliklərin idarə edilməsi üzrə metod və alqoritmlərin işlənilməsi, bulud texnologiyasının əsasında təhsil kontentlərinin formalaşması və mühafizəsinin, eləcə də elektron tədris mühitində intelektual analiz metodlarının tətbiqinə dair araşdırmalar aparılmış və məqalələr nəşr olunmuşdur.

Sonra o, elmi-pedaqoji fəaliyyət çərçivəsində görülmüş işlərdən söz açaraq şöbə əməkdaşları tərəfindən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrinə istehsalat təcrübəsində rəhbərlik edildiyini, həmçinin institutda magistratura pilləsi üzrə təhsil alan tələbələrə dərslərin tədris olunduğunu bildirib.

F.Ağayev şöbənin elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı cari ildə görülmüş işləri diqqətə çatdırıb. Həmçinin növbəti ildə İKT sahəsində bacarıqların inkişaf etdirilməsi üzrə standartların araşdırılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Daha sonra hesabata dair müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək illik hesabatla bağlı bir sıra təklif və tövsiyələrini səsləndirib, şöbədə aparılan elmi tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğulayıb.

Elmi şuranın qərarı ilə şöbənin 2022-ci il üçün hesabatı təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.