AMEA prezidenti və təhsil naziri İnformasiya Texnologiyaları İnstitutunun texnoloji imkanları ilə tanış oldular

04 Dekabr 2014 - 14:54 | Mühüm hadisələr

Dekabrın 4-də AMEA prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransında iştirak məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda oldular.

Qonaqlar öncə institutun AzScienceNet elm kompüter şəbəkəsinin Verilənlərin Emalı Mərkəzi (Data Center) ilə tanış oldular. Bildirildi ki, texniki göstəricilərinə görə beynəlxalq standartlara cavab verən mərkəzdə hesablama və yaddaş resurslarından istifadə xidməti göstərilir: “E-elm” proqramının tələblərinə müvafiq olaraq AzScienceNet yalnız İnternet xidmətləri deyil, Eduroam, Cloud computing, Grid və kontent provaydinq kimi xidmətlər də təqdim edir.

AzScienceNet AMEA institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkilinə, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiya olunmasına, dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə imkan yaradır. Şəbəkə xidmətlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, trafikə nəzarət və informasiya təhlükəsizliyinin təmin olunması səviyyəsinə operativ nəzarəti həyata keçirmək məqsədi ilə “Şəbəkə monitorinqi və informasiya təhlükəsizliyi xidməti” yaradılmışdır. AzScienceNet ölkənin elmi qurumlarında həyata keçirilən elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərinin həllində şəbəkə xidmətlərindən məqsədyönlü və təhlükəsiz istifadəni təmin edir.

Sonra qonaqlar institutun müasir standartlar səviyyəsində fəaliyyət göstərən Tədris-İnnovasiya və Distant Tədris mərkəzlərində odular. İnstitutun direktoru, akademik Rasim Əliquliyev hər iki mərkəzin fəaliyyəti haqqında məlumat verdi. İKT biliklərinin əldə edilməsi, informatikanın tədrisi məsələlərinin təşkili istiqamətində görülən işlərin, dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanmasının əhəmiyyətini vurğulayan alim innovativ tədrisin təşkili, milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü işlərin aparıldığını bildirdi. Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara informatika fənninin tədrisi, bu fənn üzrə imtahanların keçirildiyini qeyd edərək respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələrini təmsil edən tədqiqatçıların müasir İT biliklərə yiyələnməsi, elmi-tədqiqat işlərində yeni texnologiyaların tətbiqi imkanları ilə yaxından tanış olması üçün hər cür şəraitin yaradıldığını bildirdi.

R.Əliquliyev 2011-ci ildən bu mərkəzdə əyani təhsillə yanaşı, distant təhsil xidmətlərinin də həyata keçirildiyini vurğulayaraq AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan MR-da yerləşən digər ali məktəblərin doktorant və dissertantlarının 4 ildir ki, bu xidmətdən yararlanaraq məsafədən təhsil aldığını söylədi. Qeyd etdi ki, bu yaxınlarda AMEA-nın Gəncə Bölməsində də İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinin infrastrukturu və institutun Distant Tədris Mərkəzi yaradılmışdır. R.Əliquliyev bu mərkəzin Bakı ilə Gəncə arasında elm və təhsil körpüsü olacağını, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması üçün geniş imkanlar yaradacağını söylədi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.