İnstitutun qrant layihələrdə iştirakı məsələsi müzakirə olunub

21 Oktyabr 2022 - 10:38 | Konfranslar, İclaslar
İnstitutun qrant layihələrdə iştirakı məsələsi müzakirə olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında institut əməkdaşlarının iştirak etdiyi, eləcə də yeni elan edilmiş qrant layihələri haqqında məlumat verilib.

Bu barədə çıxış edən institutun elmi katibi Nərmin Adıgözəlova institut əməkdaşları tərəfindən il ərzində icra edilmiş və hazırda icra prosesində olan qrant layihələri haqqında məlumat verib.

N.Adıgözəlova beynəlxalq elmi əməkdaşlıq istiqamətində AMEA və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində Azərbaycan və Özbəkistanın alimləri üçün layihə müsabiqəsinin elan edildiyini diqqətə çatdırıb. Bu müsabiqəyə rəqəmsal iqtisadiyyat, informasiya-kommunikasiya və fənlərarası texnologiyalar, lazer texnologiyaları və fotonika və digər istiqamətlər üzrə layihələrin qəbul olunduğunu bildirib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək rəhbərlik etdiyi elmi müəssisədə aparılan tədqiqatların böyük bir qisminin rəqabətqabiliyyətliliyi ilə seçildiyini qeyd edərək institut əməkdaşlarının ölkə daxilində və xarici ölkələrdə elan olunan qrant layihələrdə davamlı olaraq iştirak etməsinin zəruriliyini vurğulayıb.

Akademik R.Əliquliyev institut əməkdaşlarını AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan olunan layihə müsabiqəsində yaxından iştirak etməyə çağırıb.

Layihələr ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.