GEANT-ın baş direktoru Erik Huizer “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın bağlanış mərasimində çıxış etdi. O, tədbirdə müxtəlif ölkələrin dövlət, elm və təhsil müəssisələrindən əhəmiyyətli elmi məruzələrin təqdim olunduğunu, səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırdı.
Konfransın yekunu kimi Azərbaycan elmi və təhsilinin inkişafı, eləcə də Avropa mühitinə inteqrasiyası istiqamətində tövsiyələrini səsləndirən E.Huizer AzScienceNet-in təcrübəsindən istifadə etməklə tədqiqat və təhsil şəbəkəsinin yaradılması, həmin şəbəkəyə ölkə daxilində sərmayə yatırılması, GEANT-ın təkcə şəbəkə deyil, digər xidmətlərindən də istifadə edilməsi və bu təşkilatın tam şəkildə üzvü olmaq üçün milli səviyyədə maliyyələşdirmənin təmin olunmasının son dərəcə vacib olduğunu diqqətə çatdırdı. Əlavə etdi ki, Azərbaycan elmi və təhsili GEANT şəbəkəsi vasitəsilə beynəlxalq elmi cəmiyyətdən faydalanaraq daha mühüm nailiyyətlər əldə edə biləcək.
E.Huizer çıxışı zamanı konfransın yüksək səviyyədə təşkilinə görə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevə, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyevə, eləcə də digər institut əməkdaşları və aidiyyəti şəxslərə dərin minnətdarlığını ifadə etdi:
“Hər kəsin “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”na verdiyi töhfəni və bu tədbirin təşkili üçün göstərdiyi köməkliyi yüksək qiymətləndirirəm. Əminliklə deyə bilərəm ki, İnformasiya Texnologiyaları İnstitutu bu nüfuzlu tədbirin öhdəsindən layiqincə gəldi”.
GEANT-ın baş direktoru konfransdan sonra Azərbaycan və Avropa Birliyi arasında dayanıqlı elmi əməkdaşlıq əlaqələrinin təşkili istiqamətində ciddi uğurların əldə olunacağına, müxtəlif fəaliyyət sferaları arasında inteqrasiyanın daha da dərinləşəcəyinə ümidvar olduğunu vurğuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.