İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi v.i.e., texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın həmmüəllifliyi ilə “Springer” nəşriyyatının “Scopus” bazasında indeksləşən “Predictive analytics in system reliability” adlı kitab çap olunub. Ş.Mahmudova kitabın “Development of an Algorithm Using the Vikor Method to Increase Software Reliability” (Proqram təminatının etibarlılığını artırmaq üçün Vikor metodunu tətbiq etməklə alqoritmin işlənilməsi) adlı 15-ci fəslinin müəllifidir.
Fəsildə proqram təminatının (PT) səmərələlik göstəricilərinin onun optimallaşdırılmasında əsas rol oynadığı bildirilib. Qeyd olunub ki, proqram təminatının optimallığının təmin edilməsinin müxtəlif üsulları vardır. Proqram təminatının əsas göstəricilərindən olan etibarlılığı dedikdə müəyyən funksiyaları yerinə yetirmək üçün proqramın xüsusiyyətləri başa düşülür və onlar təyin edilmiş şərtlərlə müəyyən məhdudiyyətlər çərçivəsində saxlanılır. Proqram təminatının etibarlılığı onun rəddedilməməsi və bərpa oluna bilməsi ilə müəyyən edilir.
Tədqiqat çərçivəsində proqram təminatının etibarlılığının artırılması üçün Vikor metodunu tətbiq etməklə alqoritm işlənilmişdir. İşdə bəzi sahələrdə Vikor metodunun tətbiqi barədə məlimat verilmişdir. Vurğulanıb ki, VIKOR metodu çoxmeyarlı qərar qəbuletmə və ya çoxmeyarlı qərarın analizi metodudur. VIKOR alternativləri ranqlaşdırır və kompromis deyilən ideala ən yaxın olanı təyin edir.
Müəllifin apardığı tədqiqat nəticəsində PT-nin etibarlığının vacib altı meyarı müəyyən edilmiş və uyğun alternativlərdən istifadə edilmişdir. İşdə proqram təminatının çoxkriteriyalı qiymətləndirilməsi üçün qeyri-səlis VIKOR metodundan istifadə olunmuşdur. Görülən iş yeni işlərdən hesab olunur və üstünlüyü seçilmiş meyarlardan bu vaxta kimi bu tipli məsələlər üçün istifadə edilməməsidir ki, bu isə onun səmərələliyinə olduqca müsbət təsir göstərir. Aparılan eksperimentlər müsbət nəticə vermişdir.
Kitab ilə daha ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.