Beynəlxalq jurnalın redaksiya heyəti Azərbaycan aliminin fəaliyyətinə yüksək qiymət verib

24 Avqust 2022 - 16:25 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən alim və mütəxəssislər artıq bir neçə ildir ki, dünyanın nüfuzlu elmi bazaları və jurnalları ilə əməkdaşlıq edir. Onlar müxtəlif beynəlxalq konfransların təşkilat komitələrində təmsil olunur, məqalələrə rəylər yazır və digər istiqamətlərdə fəallıq nümayiş etdirirlər.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi v.i.e., texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova növbəti dəfə tanınmış “Soft Computing” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb. Ş.Mahmudovaya bu sertifikat uğurlu beynəlxalq əməkdaşlığa və məqalələrə rəylərin verilməsində fəal iştiraka görə təqdim edilib.

Nüfuzlu  “Web of Science” elmi bazasına daxil olan yüksək impakt faktorlu “Soft Computing” jurnalı müvafiq sahədə mühüm elmi nəticələrin sürətlə yayılmasını, təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis sistemlər və xaos nəzəriyyəsi üzrə tədqiqatların təqdim olunmasını hədəfləyir.

“Soft Computing” jurnalı “Science Citation Index”, “Scopus”, DBLP, “Inspec”, “Compendex”, “MetaPress”, “Computer Science Index”, Springerlink və digər bazalarda indeksləşir və referatlaşdırılır. Jurnalın impakt faktoru isə 3.732-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.