AMEA İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin növbəti onlayn elmi seminarı keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov elmi seminarın institutun baş mütəxəssisi Kəmalə Haşımovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.
İddiaçı K.Haşımova çıxış edərək “İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi haqqında ətraflı məlumat verib. O, elmi-tədqiqat işinin məqsədinin İnternet mühitində reklam və marketinq texnologiyalarının səmərəliliyinin artırılması, müştəri məmnuniyyətinin əldə edilməsi üçün metod və alqoritmlərin işlənilməsi olduğunu bildirib.
Mövzunun aktuallığından bəhs edən məruzəçi qeyd edib ki, İnternet texnologiyalarının sürətli inkişafı virtual məkanda reklam və marketinq fəaliyyətinin genişlənməsinə səbəb olmuşdur. Virtual mühitdə müştərilərlə əlaqə yaratmaq üçün şirkətlər müxtəlif reklam texnologiyalarından istifadə edirlər. İnternet vasitəsilə reklam və marketinq fəaliyyətinin təşkili istehlakçılarla daha səmərəli əlaqə yaratmağa imkan versə də, onun geniş tətbiq olunması üçün yeni metod və alqoritmlərin işlənilməsinə ehtiyac vardır. Onun sözlərinə görə, İnternet reklam ənənəvi reklam vasitələri ilə müqayisədə daha çox üstünlüklərə (zaman və məkan asılılığının olmaması, modulluq, interaktivlik və s.) malikdir və bu imkanlardan reklam fəaliyyətində səmərəliliyin artırılması üçün istifadə oluna bilər. İstehlakçıların maraqlarına uyğun, vaxt itkisi olmadan, səmərəliliyi artıran, hər iki tərəfi qane edən əlaqələrin yaratmaq müasir reklam və marketinqin əsasını təşkil edir. Müasir informasiya texnologiyalarından istifadə etməklə marketinq və reklam sahəsində səmərəliliyin artırılması, müştəri məmnuniyyətinin əldə edilməsi üçün yeni metod və alqoritmlərin işlənilməsi həlli vacib məsələlərdəndir.
K.Haşımova dissertasiyanın giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu söyləyib. Elmi-tədqiqat işinə dair 11 məqalə, 12 konfrans materialı və 1 ekspress-informasiyanın nəşr olunduğunu söyləyib.
Tədqiqatçı bildirib ki, dissertasiya işi çərçivəsində İnternet reklamın inkişaf perspektivləri, xüsusiyyətləri və imkanları araşdırılmış, müvafiq istiqamətdə mövcud problemlər müəyyənləşdirilmişdir. CRM texnologiyaları əsasında İnternet reklamın təşkili üçün konseptual model işlənmişdir. Veb-saytlarda reklam və marketinq məsələlərinin səmərəli həllində müştəri fikirlərinə əsasən, veb-resursların qiymətləndirilməsi üçün metod və alqoritmlər, İnternet reklam kampaniyasının effektivliyinin dinamik dəyişməsi modeli, eləcə də İnternet reklam və marketinqdə istifadəçi məlumatları əsasında tövsiyə sistemləri üçün alqoritm işlənilmiş və əldə olunan elmi nəticələrin yoxlanılması məqsədilə eksperimentlər aparılmışdır.
Sonra mövzuya dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və digər əməkdaşlar tədqiqat mövzusunun aktuallığını önə çəkiblər, tədqiqatçıya müvafiq elmi istiqamət üzrə dərin elmi araşdırmaların aparılması ilə bağlı təklif və tövsiyələr veriblər.
Sonda texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək, dissertasiya işinin aktual problemlərə həsr olunduğunu bildirib, müvafiq istiqamətdə aparılan tədqiqatların intensivləşdirilməsini tövsiyə edib, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda yeni məqalələrin dərc olunmasının zəruriliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.