“Son zamanlar Akademiyanın daxilində və ətrafında cərəyan edən xoşagəlməz proseslər də elmin, alimin nüfuzuna müəyyən qədər zərbə vurmuş oldu”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Unikal”a müsahibə verib.
– Hörmətli Rasim müəllim, AMEA Rəyasət Heyətinin xüsusi iclasında çıxışınız zamanı bildirdiniz ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Necə düşünürsünüz, AMEA-nın nüfuzunu itirməsi nə ilə bağlıdır və nüfuzu artırmaq üçün hansı işlər görülməlidir?
– Bildiyiniz kimi cəmiyyətdə alimin, elmin nüfuzu məsələsinin obyektiv və subyektiv səbəbləri vardır. Məlumdur ki, keçmiş Sovet sisteminin dəyərləri yeni sistemin dəyərlərindən əsaslı şəkildə fərqlənir. O zaman alimdən elmi biliklər əldə etmək və pedaqoji fəaliyyətlə məşğul olaraq insanları maarifləndirmək tələb olunurdusa, bu gün alimin qarşısına həmin ənənəvi funksiyalarla yanaşı, eyni zamanda, ölkədə sosial-iqtisadi münasibətlərin yeni dəyərlər əsasında qurulması, azad iqtisadiyyat və müasir dövrün çağırışlarına adekvat olaraq rəqəmsal iqtisadiyyatın formalaşması, qabaqcıl elmi biliklərin kommersiyalaşdırılması, ölkənin milli maraqları və strateji milli prioritetlərin müəyyən olunmasına xidmət edən, innovativ perspektivlərə malik olan elmi problemlərin araşdırılması, keyfiyyətli bilik və layihələrin ortaya qoyulması və elmin inkişafına töhfə verilməsi kimi bir sıra mühüm vəzifələr qoyulur.
Sosial-iqtisadi problemlərin mövcud olduğu mürəkkəb şəraitdə gənc Azərbaycan dövlətinin elmə dəstək verməsi son dərəcə təqdirəlayiqdir. Digər ölkələrdə elmlər akademiyaları ilə bağlı fərqli qərarlar qəbul olunsa da, ölkəmizdə Akademiyaya dövlət tərəfindən dəstək göstərilməsi, ona milli status verilməsi, AMEA qarşısında mühüm vəzifələrin qoyulması və müxtəlif dövlət proqramlarına elmi qurumların cəlb olunması Azərbaycan elminə, o cümlədən, Elmlər Akademiyasına etimad göstərildiyini bir daha sübut edir. Hər bir elmi müəssisə, alim cəmiyyətdə nüfuzun qazanılması üçün dövlət siyasətinin yüksək səviyyədə həyata keçirilməsində yaxından iştirak etməli, cəmiyyətin inkişaf etdirilməsində müasir dünyanın qlobal çağırışları kontekstində daha da fəal olmalıdır. Alimin biliklərini paylaşması, müvafiq istiqamətlərdə elmi kadr potensialının yüksəldilməsinə töhfələr verməsi, ölkə əhəmiyyətli elmi problemlərlə bağlı fundamental tədqiqatlar aparması, beynəlxalq müstəvidə öz ölkəsini layiqincə təmsil etməsi və s. onun nüfuzunun formalaşması və qorunub saxlanılmasına təsir edən əsas amillərdəndir. Müvafiq istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində digər sferalarda olduğu kimi, elm və təhsil sahələrində də kompleks islahatlar aparılır. Bununla əlaqədar olaraq, son illərdə Akademiyanın fəaliyyətinin dövlət siyasətinin prioritetlərinə, müasir dünyanın qlobal çağırışlarına uyğunlaşdırılması üçün müəyyən institusional tədbirlər həyata keçirilir, müxtəlif səviyyələrdə çoxsaylı müzakirələr aparılır, həll yollarının tapılması üçün beynəlxalq təcrübə öyrənilir, yeni ideya və təkliflər irəli sürülür.
– Amma bir elm mərkəzi kimi AMEA-nın nüfuzunu itirməsi məsələsi ortadadır...
– Nüfuz məsələsinin subyektiv amilinə gəlincə, etiraf etmək lazımdır ki, son zamanlar AMEA-nın daxilində və ətrafında cərəyan edən xoşagəlməz proseslər də elmin, alimin nüfuzuna müəyyən zərbə vurmuş oldu. Hazırda bu problemlərin aradan qaldırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Minnətdarlıq hissi ilə onu da vurğulamaq istəyirəm ki, bu işdə, yəni AMEA-nın fəaliyyətinin, elmi nəticələrinin populyarlaşdırılmasında ölkəmizin media qurumları, nəticə etibarı ilə ölkəmizdə elmin, texnologiyanın, alimlərin nüfuzunun yüksəldilməsinə mühüm dəstək verirlər. Güman edirəm ki, AMEA, elmi müəssisələr, alimlər KİV ilə işin daha da təkmilləşdirilməsi, elmi nailiyyətlər haqqında ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmalıdır. Bir həqiqəti unutmamalıyıq ki, nüfuz pay verilmir, gərgin əmək nəticəsində qazanılır.
– Cəmiyyətdə AMEA-da struktur islahatlarının aparılmasına ehtiyac olduğu ilə bağlı fikirlər səsləndirilir. Hansı struktur islahatlarına ehtiyac var və siz AMEA-nın strukturunun necə olmasını istərdiniz?
– Bildiyiniz kimi, cari ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında ölkənin elmi ictimaiyyətində narahatlıq doğuran aktual məsələlərə, Akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair bir sıra islahat xarakterli təkliflər təqdim etdik. Bu təkliflərin mahiyyəti ondan ibarətdir ki, vaxt itirmədən AMEA-da aparılan islahatlar kontekstində müasir dövrün qlobal çağırışlarına cavab verən yeni ixtisaslar və bilik sahələri üzrə peşəkar kadrların hazırlanması, elmi jurnalların dərci üçün təşkilati-texniki və maliyyə dəstəyinin göstərilməsi, Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası üçün onların nüfuzlu beynəlxalq elmi bazalara (WoS, SCOPUS və s.) çıxışının təmin olunması məsələsinin ölkə səviyyəsində, dövlət büdcəsi çərçivəsində həll olunması, məqalələri nüfuzlu beynəlxalq elmi bazalara daxil edilmiş alimlərin əməyinin stimullaşdırılması, elmin təşkili, idarə olunması və koordinasiyasının təkmilləşdirilməsi kimi bir sıra mühüm problemlərə xüsusi diqqət yetirməliyik. Bütün bunlar AMEA-nın hüquqi statusuna yenidən baxılmasını, yaradıcılıq azadlığı, demokratik idarəetmə, biliklərin kommersiyalaşdırılması prinsiplərini əsas götürməklə, Akademiyanın fəaliyyətini tənzimləyən, həyata keçiriləcək islahatlara yol açan, bürokratik maneələr yaratmayan yeni normativ-hüquqi bazanın işlənilməsini zəruri edir.
Düşünürəm ki, ümumiyyətlə müxtəlif səviyyələrdə irəli sürülmüş təkliflərin analizi, qiymətləndirilməsi, sistemləşdirilməsi, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi, müvafiq tələblərə cavab verən konsepsiyanın hazırlanması üçün peşəkar alim və mütəxəssislərdən ibarət islahatlar komissiyası yaradılmalıdır. Eyni zamanda, AMEA-da bu islahatların təşkilini, qarşıya qoyulacaq vəzifələrin həyata keçirilməsini təmin etmək potensialına, dinamik, çevik iş qabiliyyətinə malik yeni kadrlar cəlb olunmalıdır.
– Azərbaycan iqtisadiyyatının daha çox elmi ixtiralara, innovasiyalara ehtiyacı olduğu, elmi-texniki nailiyyətlərin istehsalata tətbiqinin böyük aktuallıq daşıdığı bir dövrdə yaşayırıq. AMEA bu kimi məsələlərə hansı töhfələr verib?
– Bildiyiniz kimi, ölkəmizdə yüksək səviyyədə innovativ mühit formalaşmaqdadır. II Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı və tarazlı inkişafının təmin edilməsi, yüksək standartlara cavab verən sosial rifaha nail olunması məqsədilə bir sıra dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Hazırda işğaldan azad olunmuş ərazilərdə ekoloji və mədəni irs nümunələrinin vəziyyətinin təhlil olunması, təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi, torpaqların minalardan təmizlənməsi üçün qabaqcıl texnologiyaların tətbiqi, yaşıl enerjinin istehsalı, ağıllı yaşayış məntəqələri və infrastrukturun formalaşdırılması kimi bir sıra mühüm problemlər mövcuddur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, çağırışlarını rəhbər tutaraq işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və inkişafı istiqamətində işlərin həyata keçirilməsində AMEA yaxından iştirak edir.
AMEA-da müxtəlif dövlət qurumları, biznes təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud problemlərin həlli istiqamətində elmi-nəzəri və praktiki məsələlərə dair birgə tədqiqatlar həyata keçirilir, müvafiq istiqamətdə çoxsaylı elmi-innovativ layihələr hazırlanır, müxtəlif sferalarda tətbiq oluna bilən mühüm elmi nəticələr əldə olunur.
Əminliklə deyə bilərəm ki, hazırda Azərbaycan dövlətinin sosial-iqtisadi maraqlarının təmin olunması, qabaqcıl texnologiyaların tətbiqi və onların yaratdığı problemlər, ölkədə IV Sənaye İnqilabının, süni intellekt texnologiyalarının gətirdiyi reallıqlar kontekstində hər bir fəaliyyət sahəsində innovativ proseslər gedir. Böyük elmi intellektual potensiala malik olan AMEA alimləri müvafiq işlərin həyata keçirilməsinə dəyərli töhfələr verirlər.
Ümumiyyətlə, AMEA-nın əsas prioritetlərindən biri ölkəmizin müxtəlif sferalar – humanitar, sosial-iqtisadi, hərbi-strateji, yeni texnologiyalar sahəsində mövcud olan elmi-nəzəri və tətbiqi xarakterli problemlərin həllinə bilavasitə dəstək verməkdir. Bu problemlərin aşkarlanması, araşdırılması və rəqabətədözümlü elmi-innovativ potensiala malik nəticələrin əldə olunması istiqamətində AMEA-nın bütün elmi müəssisələri, alimləri əzmlə çalışırlar. Hər il AMEA-da elmi nailiyyətlər sərgisi təşkil olunur, müxtəlif elmi tutumlu layihələr, ixtiralar ölkə ictimaiyyətinin diqqətinə çatdırılır. Eyni zamanda, AMEA-nın Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən şirkətlər, biznes inkubatorları, startaplar elmi müəssisələrlə səmərəli əməkdaşlıq nəticəsində unikal keyfiyyətlərə malik eksperimental smart qurğular, sistemlər yaradılır, müvafiq dövlət qurumlarının dəstəyi ilə sınaqdan keçirilir, xaricdən texnoloji asılılığın azaldılması üçün zəruri tədbirlər görülür.
– Bir neçə dəfə Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması ilə bağlı fikirlər səsləndirilib. Bildirilib ki, AMEA-nın ləğvinə nail olmalı, tərkibindəki elmi-tədqiqat institutlarına publik hüquqi şəxs statusu verilməlidir. Necə düşünürsüz, AMEA-nın ləğv olunmasına ehtiyac varmı?
– Bildiyiniz kimi, hazırda ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, həmçinin qlobal çağırışlar və rəqəmsal transformasiyalar kontekstində dövlət siyasəti çərçivəsində mühüm işlər və layihələr həyata keçirilir. Bu taleyüklü, strateji vəzifələrin həyata keçirilməsi istiqamətində müxtəlif dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğu kimi, etiraf etmək lazımdır ki, AMEA-da da illərdir mövcud olan obyektiv və subyektiv xarakterli çox saylı problemlərin həll olunmasına ciddi ehtiyac yaranıb. Bu istiqamətdə AMEA-da müxtəlif səviyyələrdə, geniş spektrdə müəyyən işlərin həyata keçirilməsi üçün bir sıra təşəbbüslər irəli sürülür. Belə ki, bir tərəfdən, AMEA-nın təhsil, dövlət və biznes qurumları ilə işgüzar və səmərəli münasibətlərin qurulması, struktur islahatlarının aparılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, istedadlı gənclərin aşkarlanması və elmi fəaliyyətə cəlb olunması, ölkənin milli maraqlarına xidmət edən elmi problemlərin və prioritetlərin müəyyənləşdirilməsi, elmi-intellektual biznesin formalaşdırılması və s. istiqamətində mövcud olan problemlərin həlli üçün müxtəlif format və səviyyələrdə çox geniş müzakirələr aparılır, səmərəli qərarların qəbulu üçün yollar axtarılır, AMEA-nın yaxın gələcəkdə inkişaf strategiyasının müəyyənləşdirilməsi üçün müəyyən platforma işlənilir. Belə bir şəraitdə ictimai müzakirələrdə, mediada AMEA-nın fəaliyyəti, cəmiyyətdə rolu və missiyası, gələcək taleyi, hətta bağlanması, elmi müəssisələrin müxtəlif qurumlara birləşdirilməsi ilə əlaqədar çoxlu sayda konstruktiv, bəzən də qeyri-akademik və konyuktur fikirlərə rast gəlinir. Əlbəttə ki, obyektiv, elmi-intellektual əsaslandırılmış tənqidlər ümumi işimizin xeyrinədir və bu dəstəyə görə biz minnətdar olmalıyıq.
Unutmaq lazım deyil ki, AMEA xalqımıza, dövlətimizə 80 ilə yaxın müddətdir şərəflə xidmət edir. Ölkəmizdə istənilən istiqamətdə - istər yerin altında və üstündə, Xəzər dənizində, cəmiyyətin inkişafında, ictimai təfəkkürün intellektuallaşdırılmasında, təhsilin inkişafında, ana dilimizin qorunmasında, tariximizin araşdırılmasında, bir sözlə harada nailiyyətlər varsa, orada AMEA-nın, ümumiyyətlə, Azərbaycan alimlərinin böyük xidmətləri olub və bu gün də gərgin zəhmət tələb edən o şərəfli intellektual fəaliyyət uğurla davam edir.
Bilirsiniz, elə şeylər var ki, onu sökmək də, uçurtmaq da, parçalayıb ora-bura birləşdirmək də olar. Amma ölkənin əsas intellektual resurslarının təmərküzləşdiyi, elm sahələrinin bir-biri ilə çulğalaşdığı, beynəlxalq aləmdə Azərbaycan elminin əsas siması olan AMEA kimi uzun illərdən bəri formalaşmış, təşkilatlanmış bir qurumu bağlamaq haqqında düşünmək, yumşaq desək, heç də müdriklikdən xəbər vermir. Yeri gəlmişkən, əvvəllər də belə cəhdlər olub. Qeyri-ixtiyari olaraq yadıma ulu öndər Heydər Əliyevin çətin dövrdə AMEA-nın taleyi ilə bağlı ortaya qoyduğu taleyüklü mövqe, “AMEA milli sərvətdir. Biz onu qoruyub saxlamalıyıq” müdrik kəlamı düşür və bu gün də aktualdır.
Əlbəttə, biz hamımız etiraf edirik ki, AMEA təkmilləşdirilməlidir, inkişaf etməlidir, ölkənin maraqlarına, qlobal çağırışlara adekvat və yenidən qurulmalıdır. Gəlin əvvəlcə, cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarını, ölkədə və regionda baş verən reallıqları nəzərə alaraq, AMEA-nın yenilənməsi istiqamətində qüvvələrimizi, potensialımızı səfərbər edək, səmərəli modellər axtaraq, cəmiyyətdə elmin, texnologiyaların, alimlərin nüfuzunun yüksəldilməsi, gənclərin elmə marağının artırılması, ölkəmizin intellektual potensialının qorunması və gücləndirilməsi və s. ilə əlaqədar kompleks islahatlar həyata keçirək. Zaman keçər elmin, təhsilin, biliklər iqtisadiyyatının vəhdəti güclənər, dərinləşər, ölkəmizdə qlobal çağırışların və rəqəmsal transformasiyaların təsiri ilə yeni reallıqlar yaranar. Cəmiyyətin inkişafının yeni mərhələsində elmin, təhsilin, texnologiyaların, innovasiyanın qarşılıqlı inteqrasiyası proseslərinin kompleks idarə olunması üçün yeni-yeni təkmil modellər meydana çıxar.
– Məlum olduğu kimi, ölkəmizdə Nobel mükafatçısı yoxdur. Azərbaycan elminin hansı nümayəndəsini Nobel mükafatına təqdim etmək olar və ya niyə “Nobel” ala bilmirik?
– Azərbaycan elmi XX əsrdə sovet elminin tərkib hissəsi olub. Dünya elminə çıxış əldə etmək, beynəlxalq elmi mərkəzlər ilə birbaşa təmas qurmaq, birgə tədqiqatlar aparmaq son onilliklərdə mümkün olub. Bütün bu problemlərə baxmayaraq, ölkəmizdə intellektual insan resurslarının formalaşması, xarici elm və təhsil müəssisələrində birgə tədqiqatların aparılması, elmi kadrların yetişdirilməsi, beynəlxalq səviyyədə rəqabətədözümlüyün yüksəldilməsi ilə əlaqədar dövlət tərəfindən müvafiq proqramlar qəbul olunur. Demək istədiyim ondan ibarətdir ki, Azərbaycan gənc istedadlarının, məhsuldar alimlərinin beynəlxalq elmi mühitə inteqrasiyası dünyada tanınmış Nobel, Filds, Türinq və s. kimi mükafatların da ölkəmizə gətirilməsi üçün ümidlər yaradır. Əgər Nobel mükafatı laureatlarının dünya üzrə statistikasına, ölkələr, universitetlər və s. əlamətlərə görə paylanmasına baxsaq hər şey aydın olar. Məsələn, Harvard, Stenford, Oksford universitetlərində və dünyanın digər aparıcı ali təhsil müəssisələrində 50-dən çox Nobel mükafatı laureatları fəaliyyət göstərir. Mən siyasətə və digər amillərə bağlı olan Nobel mükafatlarını nəzərdə tutmuram. Ona görə də bu məsələdə realist, eyni zamanda nikbin olmaq lazımdır. 30 il bundan qabaq heç ağlımıza da gəlməzdi ki, Azərbaycan alimlərinin elmi nəticələri müxtəlif beynəlxalq elmi mərkəzlər, cəmiyyətlər tərəfindən yüksək qiymətləndirilər, məsələn, Stenford Universitetinin reytinqlərində layiqli yer tutar. Ona görə ölkəmizin belə sürətlə inkişafı, dünyanın aparıcı ölkələri ilə çox səmərəli münasibətlərin qurulması bizə ümid verir ki, Azərbaycan alimləri yaxın gələcəkdə çox yüksək zirvələr fəth edəcəklər.