Bişkekdə MDB ölkələri alimlərinin IV forumu keçirilib

20 İyun 2022 - 15:29 | Konfranslar, İclaslar

16-17 iyun 2022-ci il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin alimlərinin IV forumu keçirilib. Forum Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasının təşkilatçılığı və Dövlətlərarası Fondun dəstəyi ilə baş tutub.

Qırğızıstanın Milli Elmlər Akademiyasında keçirilən forumun əsas məqsədi Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlər arasında elmi-texniki və humanitar əməkdaşlığın intensivləşdirilməsinə, elmi mühitin formalaşması və genişlənməsinə kömək etmək, fundamental elmin vəziyyətini və inkişaf perspektivlərini təhlil etmək, eləcə də elmi tədqiqatların aparılması yolları ilə bağlı fikir mübadiləsi aparmaq idi. Rəqəmsal dövrdə perspektivli innovativ elmi tədqiqatları həyata keçirmək, eləcə də MDB ölkələrində elm və təhsil sahəsində rəqəmsallaşma prosesini təkmilləşdirmək də tədbirin əsas hədəflərindən idi.

Qeyd edək ki, tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunu bu qurumun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova təmsil  edib. O, beynəlxalq forumda “Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, mövcud vəziyyəti və problemləri” mövzusunda məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.