AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının Tətbiqi riyaziyyat fakültəsində 02.03.01 – “Riyaziyyat və kompüter elmləri” istiqaməti üzrə Dövlət İmtahan Komissiyasının üzvü olub.
G.Nəbibəyova 2-10 iyun 2022-ci il tarixlərdə universitetin bakalavr və magistratura pillələrinin buraxılış kurs tələbələrinin dövlət attestasiyası üzrə təşkil edilmiş Dövlət İmtahan Komissiyasının və İxtisaslaşdırılmış Müdafiə Şurasının işində onlayn formada iştirak edib.
Qeyd edək ki, MDU-nun Bakı filialı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında imzalanmış müqavilə əsasında hər il bu ali məktəbin “Tətbiqi riyaziyyat” fakültəsinin tələbələri İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçirlər.
Təcrübə zamanı informasiya texnologiyaları sahəsində tədqiqat aparan tələbə-gənclərə institutda istehsalat təcrübəsi müddətində nəzəri və texnoloji biliklər aşılanır. Həmçinin tələbələrin elmi mənbələrin axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və əsaslandırılması, tədqiqat zamanı əldə edilmiş nəticələrin təqdim edilməsi və s. kimi bacarıqları inkişaf etdirilir.
Məlumat üçün bildirək ki, Moskva Dövlət Universitetinin Bakı filialı AR Prezidentinin “M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətinin təşkili haqqında” 2008-ci il 15 yanvar tarixli Fərmanı və MDU-nun rektorunun 25 sentyabr 2007-ci il tarixli əmri ilə təsis edilmişdir. Filialın rəsmi açılışı 27 fevral 2009-ci ildə baş tutmuşdur. 26 sentyabr 2012-ci ildə isə Bakıda MDU-nun yeni tədris kompleksinin açılış mərasimi keçirilmişdir.
Hazırda Universitetdə Filologiya, Tətbiqi riyaziyyat, Kimya, Fizika, Psixologiya və İqtisadiyyat fakültələrində ümumilikdə 446 bakalavr və 64 magistrant təhsil alır. 2021/2022-ci tədris ilində ali məktəbin bakalavr pilləsinə 99 abituriyent, magistratura pilləsinə isə 32 bakalavr qəbul olub.
Bu ali məktəbdə qəbul və təlim rus dilində aparılır. Filialın tədris fəaliyyəti Moskva Dövlət Universitetinin tədris planları və proqramlarına uyğun olaraq həyata keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.