AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsində keçirilən növbəti elmi seminar “Təhsil 4.0: müasir çağırışlar, təhsildə gedən proseslər, problemlər, perspektivlər” mövzusuna həsr olunub.
Mövzu üzrə çıxış edən şöbə müdiri, tex.f.d., dosent Firudin Ağayev IV Sənaye İnqilabının təhsil sahəsinə də öz təsirini göstərdiyini bildirib. O, sənayeləşmə və rəqəmsallaşdma sahəsindəki sürətli inkişafın kiber-fiziki sistemlər, Əşyaların İnterneti, 3D çap, süni intellekt və maşın təlimi də daxil olmaqla yeni nəsil istehsal texnologiyasının inkişafında böyük irəliləyişə səbəb olduğunu diqqətə çatdırıb.
Məruzəçinin sözlərinə görə, əvvəlki sənaye inqilabları istehsal prosesində xammalı əsas hesab etməsinə baxmayaraq, Sənaye 4.0 innovasiya üçün insan kapitalı və intellektual resurslara üstünlük verir.
F.Ağayev süni intellektin Education 4.0 adlanan dördüncü təhsil inqilabında mühüm rol oynadığını qeyd edərək IV Sənaye İnqilabı ilə təhsil sistemində aparılacaq islahatların həyata keçirilməsində sürətlə dəyişən qlobal iqtisadiyyatla rəqabət apara biləcək informasiyaya və bacarıqlara sahib olan işçi qüvvəsinin yetişdirilməsinin önəminə toxunub. O, həmçinin dəyişən sənaye dövründə informasiya cəmiyyətinin inkişafı üçün lazım olan işçi qüvvəsi yetişdirəcək təhsil sisteminin hazırlanmasının vacibliyindən danışıb. Education 4.0-ın IV sənaye inqilabı dövründə qlobal və rəqəmsal iş mühitində fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanmasına xidmət etdiyini ibildirib.
Şöbə müdiri qeyd edib ki, tədris üçün ən yaxşı metod və üsullar təqdim edən Education 4.0 bu metodları daha da müasirləşdirərək bir çox prosesləri avtomatlaşdırır və inzibati yükü azaldır. Bundan əlavə, müəllimlərin bacarıqlarını artırmağı və şagirdlərin öyrənmə nəticələrini yaxşılaşdırmağı hədəfləyir.
“Təhsil 4.0 IV Sənaye İnqilabının tələblərinə cavab verə bilən təhsil sistemidir”, - deyən F.Ağayev elektron təhsilin yaradılması aspektlərindən də bəhs edib.
F.Ağayevin sözlərinə görə, elektron tədris sistemlərinin IV nəslini intellektuallıq, istifadəçilərin konkret müraciətinə uyğun olaraq tədris materiallarının personallığı və adaptasiya edilməsi, tədris materiallarının internet şəbəkəsində yaradılmış standartlara uyğunluğu, tələbə və qlobal resurslarına əsaslanan yeni tədris sisteminə uyğunlaşma, internet şəbəkəsinin imkanlarına əsaslanan yeni tədris etmə və öyrənmə texnologiyası bölmələri üzrə səciyələndirmək olar.
Məruzəçi e-learning kompotentlərinin idarə edilməsi sxemini təqdim edib, elektron tədris üçün standartlar və spesifikasiyalar, educational data mining və onun əsas məqsədləri, elektron təhsil üçün Big datanın imkanları barədə məlumat verib, SCORM standartının konseptual modelini diqqətə çatdırıb.
F.Ağayev, həmçinin elektron təhsilin təhlükələrindən bəhs edib, elektron tədris zamanı yaranan risklərdən danışıb, eləcə də bu istiqamətdə keçirilmiş beynəlxalq konfranslar, nəşr olunan jurnallar barədə də ətraflı məlumat verib.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.