Azərbaycanda informasiya cəmiyyətinin formalaşması problemlərinə dair tədqiqatın nəticələri nüfuzlu jurnalda nəşr olunub

23 May 2022 - 10:08 | Yeni nəşrlər
Azərbaycanda informasiya cəmiyyətinin formalaşması problemlərinə dair tədqiqatın nəticələri nüfuzlu jurnalda nəşr olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova və dissertant Könül Daşdəmirovanın həmmüəllifi olduqları “Azərbaycanda informasiya cəmiyyətinin formalaşması: müasir vəziyyəti və problemləri” (Формирование информационного общества в Азербайджане: современное состояние и проблемы) mövzusunda elmi məqalə Rusiyanın tanınmış “Информационное общество” jurnalında nəşr olunub.

Məqalədə Azərbaycanda informasiya inqilablarının informasiya cəmiyyətinin formalaşması və inkişafına təsiri, eləcə də ölkədə informasiya cəmiyyətinin formalaşma mərhələləri və müasir vəziyyətindən bəhs edilmişdir. Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və inkişafı problemləri təhlil edilmiş, müvafiq sahədə aparılan tədqiqatların əsas istiqamətləri göstərilmişdir.

Qeyd edək ki, jurnal “Web of Science” (WoS) nüfuzlu elmi bazasında indeksləşir. Məcmuə informasiya cəmiyyətinin inkişafı sahəsində fundamental tədqiqatlar, onun sosial-iqtisadi aspektləri, rəqəmsal iqtisadiyyat, informasiya cəmiyyəti və hakimiyyət, hüquq, media, informasiya cəmiyyətində təhsil, səhiyyə, mədəniyyət, elm və innovasiya, etibarlılıq və təhlükəsizlik, idman və turizm, informasiya cəmiyyəti texnologiyaları, müvafiq sahə üzrə xarici təcrübə, beynəlxalq əməkdaşlıq və s. istiqamətləri əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.