Son illər ərzində AMEA İnformasiya Texnologiyaları İnstitutunda beynəlxalq aləmə inteqrasiya sürətləndirilib.
Bunu AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, dosent Hikmət Quliyev İnformasiya Texnologiyaları İnstitutunda keçirilən 27 Mart - “Elm Günü”nə həsr olunmuş onlayn toplantıda çıxışı zamanı deyib. Məruzəçi tədbirdə “Elm Günü”nün mahiyyətindən bəhs edərək onun digər əlamətdar günlərdən öz xüsusi çəkisinə görə fərqləndiyini vurğulayıb.
H.Quliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi-tədqiqat müəssisəsi olmaqla yanaşı, ölkəmizdə informasiya cəmiyyəti ideologiyasının təlimi funksiyasını öz üzərinə götürmüş aparıcı mərkəzlərdən biri olduğunu qeyd edib, qurumun dövlətin bu sahədə olan siyasətinə böyük dəstək verdiyini diqqətə çatdırıb. O, 2001-ci ildən etibarən akademik R.Əliquliyevin rəhbərliyi ilə institutun informasiya cəmiyyəti və texnologiyalarının nəzəri problemlərinin araşdırılması istiqamətində uğurlu fəaliyyətinin nəticəsi olaraq elmi tədqiqatlarda yüksək nailiyyətlər qazanıldığını bildirib.
“Son illər ərzində institutda beynəlxalq əməkdaşlıq sahəsində böyük ənənəsi olan elmi müəssisələrin əldə etdikləri nəticələrə bərabər tutula bilən uğurlara imza atılıb, beynəlxalq aləmə inteqrasiya sürətləndirilib”, - deyə bildirən H.Quliyev institutun GEANT, NATO kimi nüfuzlu qurumlarla həyata keçirdiyi əməkdaşlığın əhəmiyyətinə toxunub.
O, İnformasiya Texnologiyaları İnstitutunun multidissiplinarlığı təşviq edən və bunun üçün əsas yaradan elmi qurumlardan biri kimi səmərəli fəaliyyətindən də bəhs edib, müəssisədə müxtəlif elmi qurumlarla birgə aparılan tədqiqatlar haqqında məlumat verib.
H.Quliyev çıxışının sonunda bütün institut əməkdaşlarını “Elm Günü”, eləcə də qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, hər kəsə can sağlığı, elmi fəaliyyətin inkişaf etdirilməsi və onun uğurla davam etdirilməsi yolunda nailiyyətlər arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.