AMEA-nın bir sıra institutları AzScienceNet-ə qoşulmuşdur

25 Noyabr 2014 - 16:41 | Konfranslar, İclaslar

Məlumdur ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda struktur bölmələrin illik hesabatlarına həsr olunmuş iclaslar keçirilir. İnstitutun Elmi şurasının növbəti iclasında 4 saylı şöbənin 2014-cü ili əhatə edən hesabatı müzakirə olundu.

Şöbə müdiri, institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov elmi-tədqiqat, elmi-innovasiya və elmi-pedaqoji fəaliyyət, kitabların və e-nəşrlərin hazırlanması və s. istiqamətlərdə görülən işlər haqqında məlumat verdi.

Bildirdi ki, şöbədə yerinə yetirilən elmi-tədqiqat işləri informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi, İnternetin tənzimlənməsi problemləri, superkompüter texnologiyalarının (bulud, grid və s.) çoxaspektli problemləri və s. istiqamətlər üzrə həyata keçirilir. Eyni zamanda kompüter şəbəkəsində virtual hesablama və yaddaş mühitinin sintezi metodları və alqoritmlərinin işlənməsi məsələlərini qeyd etdi.

Sonra şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işləri diqqətə çatdırdı. Qeyd etdi ki, hesabat ilində AMEA-nın bir çox institut və təşkilatları Fiber Optik əlaqə kanalı vasitəsilə AzScienceNet şəbəkəsinə qoşulmuş, şəbəkədə yeni xidmətlərdən (Wi-Fi, Eduroam, Cloud Computing) istifadə təşkil olunmuşdur. Onun sözlərinə görə, AzScienceNet şəbəkəsində yeni proqram təminatı qurulmuş və texniki imkanları artırılmışdır. AMEA Gəncə bölməsinin şəbəkə-kommunikasiya  infrastrukturu yenidən qurulmuş və bölmədə Distant Tədris Mərkəzi yaradılmışdır.

R.Ələkbərov hesabat ili ərzində, həmçinin AMEA-nın institut və təşkilatlarında intelektual kommutatorların qurulduğunu, AzScienceNet əsasında AMEA-nın operativ məlumatlandırma sisteminin yaradıldığını (e-mail və mobil məlumatlandırma (SMS) sistemi, “Qaynar xətt” xidmətinin təşkili işləri) vurğuladı.

Məruzə ətrafında gedən müzakirələrdə texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri iştirak edərək öz təklif və tövsiyələrini səsləndirdilər. Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.